Nazir müavinləri deputatların iradlarını CAVABLANDIRDI

  • By admin
  • 13 Noyabr 2017 14:22

Milli Məclisin Hüquq siyasəti, dövlət quruculuğu, İnsan haqqları, Mədəniyyət, Regional məsələlər, Gənclər və mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında 2018-ci il büdcə zərfi müzakirə olunub. Müzakirələrdə deputatlar büdcə ilə bağlı təklif və iradlarını bildiriblər.

Gununsesi.info xəbər verir ki, müzakirələr zamanı qaldırılan məsələlər, iradlar və təklifləri maliyyə nazirinin müavini Azər Bayramov cavablandırıb.

Nazir müavini ilk olaraq deputat Qüdrət Həsənquliyevin büdcənin sosialyönümlü olmaması ilə bağlı səsləndirdiyi fikrə etiraz edərək bildirib ki, büdcənin 36,6 faiz xərclərinin sosial sahəyə ayrılması büdcənin sosialyönümlü olmasının bariz göstəricisidir: “Elə investisiya layihələrinə ayrılan vəsaitlər də sosialyönümlü layihələr deməkdir. Yəni bu investisiyalar vasitəsi ilə yeni iş yerləri açılır və əhalinin gəliri artır”.

Tikintisi yarımçıq qalan idman obyektlərinə gəldikdə isə nazir müavini deyib ki, ayrılan vəsaitin bir qismi yarımçıq qalan idman obyektlərinin tikintisinin tamamlanmasına yönəldiləcək: “Çünki tikintinin uzun müddət yarımçıq saxlanması özü düzgün siyasət deyil”.

Deputatların növbəti ildə qaz, işıq və elektrik enerjisinin qiymətinin qalxacağı ilə narahatlıqdoğurucu fikirlərinə də aydınlıq gətirən A.Bayramov deyib ki, növbəti ildə nə su, nə işıq, nə də qazın tarif qiymətinin qaldırılması nəzərdə tutulur.

Büdcə xərclərinin artırılması ilə bağlı səslənən fikirlərə gəldikdə nazir müavini dedi ki, növbəti ilin büdcəsi 3 milyard manat artırılıb və büdcənin artırılmasının müəyyən həddi var: “Nəzərdə tutulduğundan artıq  etmək olmaz. Bu bəzi fəsadlara yol aça bilər. Bu zaman dünyada gedən prosesləri nəzərə almaq lazımdır”.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova isə bildirib ki, növbəti ilə 286 keçid layihəsinin icra olunması nəzərdə tutulur.

Sonda deputatlar büdcə layihəsinin Milli Məclisdə müzakirə olunmasına səs verdilər.

Mürtəza

Gununsesi.info