Nazirlik Baş Prokurorluğa müraciət etdi - Qanun pozuntusuna görə

  • By admin
  • 26 Aprel 2018 14:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Oğuz rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, reyd zamanı Oğuz rayonu Qumluq bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində yaşköküstə 112 sm diametrliyində 1 ədəd Şərq çinarı ağacının kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacın Oğuz rayonu Şirvanlı kənd sakini Ramiz Abdullayev tərəfindən kəsildiyi və təbiətə 4000 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Gununsesi.info