
“Bəxtiyar Hacıyevə göndərilən bağlama 17.03.2017-ci il tarixində 65 saylı poçt şöbəsinə daxil olmuş və bağlamanın bildirişi “Caspian Plaza”nın kuryeri Seymur Xəlilova verilib. Bəxtiyar Hacıyevin adına 01.04.2017-ci və 14.04.2017-ci il tarixlərində daxil olan daha 2 bağlamaların bildirişləri də eyni qaydada S.Xəlilova təhvil verilib”.
Bu haqda Gununsesi.info-ya portalın 20aprel 2017-ci il tarixli sayında “AzərPoçt” müştərilərini aldadır?- ŞİKAYƏT” sərlövhəli xəbərdə tanınmış siyasətçi və ictimai fəal Bəxtiyar Hacıyevin söylədikləriylə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi cavabında bildirilir.
Qeyd edək ki, adıçəkilən nazirliyə bu suallar ünvanlanmışdı:
“Azərbaycanda poçt xidmətləri sahəsində daxili bağlama göndərişinə görə, həm göndərən, həm də onu qəbul edən vətəndaşlar pul ödəməlidirmi? Gələn bağlama ünvana göndərilməlidirmi, yaxud, vətəndaş özü poçta gələrək şəxsən götürməlidir? Ümumiyyətlə, dünya praktikasında belə hal varmı ki, bütün bağlama göndərişləri həm göndərən, həm qəbul edən tərəfindən poçtda ödəniş edilərək göndərilir və poçtda qəbul edilir? Azərbaycanda proses necə tənzimlənir?”
Cavabda sonra bildirilir ki, bağlamalar vaxtında poçt şöbəsindən götürülməyib:
“Sorğunuza cavab olaraq bildiririk ki, yalnız bir ay sonra 17.04.2017-ci il tarixində həmin vətəndaş poçt şöbəsinə yaxınlaşıb. Qeyd edək ki, “Poçt rabitəsi xidmətləri üçün tariflər”ə əsasən, bağlamanın poçt obyektində saxlanması 5 gün ödənişsizdir. Bildiriş göndərildiyi gündən 5 gün sonra hər bir gün üçün 0.30 manat əlavə saxlama haqqı hesablanır. Bəxtiyar Hacıyevə ünvanlanan bağlama 31 gün poçt obyektində qalıb. Bağlamanın əlavə 26 gün poçtda qalmasına görə vətəndaşdan 7.80 manat əlavə saxlama haqqı alınıb və ona ödəniş qəbzi verilib.
Məlumat üçün bildiririk ki, mövcud “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.34.11-ci bəndinə əsasən, bağlamalar poçt obyektində alıcılara verilən poçt göndərişləri kateqoriyasına aiddir. Poçt ünvanında alıcılara çatdırılan poçt göndərişlərin siyahısı isə həmin Qaydaların 9.4-cü bəndində öz əksini tapıb.
Prosedura görə bağlamanın alınması üçün ünvan sahiblərinə bildirişlər göndərilir və onlar poçt göndərişini götürmək üçün poçt müəssisəsinə dəvət olunur.
Həmçinin “Qaydalar”ın 9.35-ci bəndində bildirilir ki, poçt obyektində verilməli olan daxili və beynəlxalq qeydiyyatlı poçt göndərişləri (qüsurlu poçt göndərişləri istisna olmaqla) poçt alanın xahişi əsasında müəyyən olunmuş əlavə xidmət tariflərinə uyğun əlavə çatdırma haqqı ödənilməklə onun ünvanında çatdırıla bilər.
“Poçt rabitəsi xidmətləri üçün tariflər”ə əsasən, daxili bağlamalar ünvanda çatdırılarkən 1.50 manat, beynəlxalq bağlamalar üçün 2.0 manat əlavə haqq ödənilməlidir”.
Qeyd edək ki, B.Hacıyevin sosial şəbəkədəki səhifəsində NRYTN-lə bağlı yazdığı fikirlər kifayət qədər oxucu müzakirəsinə səbəb olmuşdu.
“Rabitə (NRYTN) naziri Ramin Quluzadə cavan kadrdır, inanmaq istəyirdik ki, vəzifədə olduğu müddətdə təmsil etdiyi adamların adına layiq işlər, islahatlar görəcək. Ancaq bu nazirliyin tabeliyində olan AzərPoçt nə edir?
Bakıdakı bir poçtdan 16 martdan etibarən paytaxtdakı ofis ünvanımıza çəkiləri 0.365 kg, 1.185 kg, 1.315 kg-lıq üç bağlama göndərilir.
Bir neçə gün əvvəl xəbər göndərirlər ki, adınıza bağlama var, gəlin, götürün. Soruşuram ki, ünvan varmı üzərində? Deyirlər ki, var. Deyirəm ki, onda niyə poçtalyon gətirmir? Cavab verirlər ki, “Ona görə ki, siz pul ödəməyəcəksiniz”. Deyirəm ki, göndərən adam rüsum ödəyibmi? Deyirlər ki, hə.
Bu gün poçta getdim. Deməli, Bakıdakı bir poçtdan digər poçta üst-üstə 3 kg etməyən bağlamaya görə təxminən 20 AZN göndərən ödəyib, götürmək üçün isə məndən də 10-15 AZN ödəmək tələb edilir. Üstəlik, bağlamanın poçtda qaldığı hər gün üçün əlavə ödəniş istənilir. Tarifləri soruşub, araşdırıram, rəsmi olaraq, Anqolaya göndərilmə tarifləri qədərdir. Ödəməli olduğum rüsumlarla bağlı məlumat istədim, poçtdan bir qəbz çap etdilər, sonra dedilər “qəbzi çap etmişik, pulu mütləq ödəməlisən indi”. Camaatın arasında baxdım çox üzə salırlar, ödədim, çıxdım.
İndi əsas sual budur: Cənab nazir, hörmətli Ramin müəllim bilirmi ki, Bakıdan-Bakıya 1 kg-lıq poçt göndərişi 1 ay sonra çatdırılır və buna görə həm göndərən, həm də qəbul edəndən hərəsindən 7-8 AZN pul alnır?
Hörmətli Ramin müəllim bilirmi ki, dünyanın normal heç bir ölkəsində üzərində ünvan yazılmış və göndərilmə rüsumu ödənmiş bağlamaya görə, “Gəlin, poçtdan götürün, göndərmə pulu öz yerində, qəbul etmə pulunu da ödəyin”-, deyilmir və ünvana göndərilmiş bağlama ünvana da çatdırılır? Bilmirsə, necə rəhbərlik edir o nazirliyə? Bilirsə, niyə imkan yaradır. Bizdən toplanan 10-15 manatlara ehtiyacı var?”-deyə, o, qeyd etmişdi.
Gülnaz Qənbərli
Gununsesi.info












