Ölkədə karantin məhdudiyyətləri nə zaman aradan qaldırılacaq? – Xəstəlik alovlanarsa…

  • By admin
  • 17 Fevral 2021 09:13

Cərrah Rüstəm Səmədov bildirib ki, kütləvi immunitet yarandıqdan sonra karantin məhdudiyyətləri aradan qaldırıla bilər.

Publika.az-a müsahibə verən həkim vaksinasiyanın bu prosesi sürətləndirəcəyi qənaətindədir.

– Azərbaycanda vaksinasiyanın gedişatını necə qiymətləndirirsiniz?

– Ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Həkimlərin və 65 yaşdan yuxarı şəxslərin peyvəndlənməsi demək olar ki, başa çatıb. Strategiyaya əsasən, növbəti mərhələdə, fevral ayının 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası nəzərdə tutulur. Ölkədə vaksinasiya tədbirlərinin sürətlə aparılması qənaətbəxşdir. Ümid edirik ki, bu proses pandemiyanın təsirlərini azaltmağa kömək edəcək.

Televiziya və mətbuatda vaksinin təbliğatı aparılsa da, təəssüf ki, hələ də şübhə ilə yanaşanlar var. Sosial şəbəkələrdə vaksinlərlə bağlı müxtəlif versiyalar irəli sürülür. Qeyri-rəsmi xəbərlərə aldanmaq lazım deyil. Ölkəyə gətirilən peyvənd keyfiyyətlidir və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunub. Odur ki, əlavə narahatlığa əsas görmürəm. Əgər bu bəladan tez bir zamanda qurtulmaq istəyiriksə, vaksinasiyanı normal qarşılamalıyıq.

– Hansı yaş qrupunun peyvəndlənməsi xüsusilə vacibdir?

– Həkimlərin, polislərin və müəllimlərin, eyni zamanda yaşlı və risk qrupuna daxil olan insanların peyvəndlənməsi xüsusilə vacibdir. Vaksin bizi xəstəlikdən 100 faiz qorumasa da, xəstəliyi daha yüngül keçirməyə kömək edəcək.

– Doktor, ölkədə pandemiya ilə bağlı qoyulan məhdudiyyətlər nə zaman aradan qaldırıla bilər?

– Məhdudiyyətlərin aradan qaldırılması o halda mümkün ola bilər ki, kütləvi immunitet yaransın. Əhalinin ən yaxşı halda 70 faizində immunitet yaranmalıdır. İnsanların əksər hissəsi ya xəstələnməli, ya da peyvənd olunmalıdır ki, tədricən normal həyata qayıda bilək.

– Ümumiyyətlə, kütləvi immunitetin yaranması nə qədər çəkə bilər?

– Unutmaq olmaz ki, vaksinin qoruyuculuğu bir ildir. Odur ki, koronavirusa qarşı peyvəndlənmə işlərinin hər il təkrar olunması istisna deyil. Kütləvi immunitetin nə vaxt yaranacağı barədə proqnoz vermək çətindir. Bu, vaksinasiyanın hansı sürətlə aparılmasından və xəstə sayından asılıdır.

Karantin rejimi yumşaldılsa da, insanlar özlərini qorumağa davam etməlidir, heç bir halda arxayınlaşmaq olmaz. Cərimə olunmaq qorxusu ilə deyil, özünü qorumaq və xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə qaydalara əməl etməliyik.

– Koronavirusdan sağalan xəstələrdə hansı fəsadlar daha çox nəzərə çarpır?

– Əslində bu, xəstənin vəziyyətindən asılı olaraq dəyişir. Ən çox görülən əlamətlərə yorğunluq və halsızlıq daxildir.

– Martda xəstəliyin yenidən alovlanması mümkündürmü?

– Bu barədə müxtəlif versiyalar var. Virusun yeni ştamları yaranıb, o da məlumdur ki, yeni ştammın yoluxuculuq qabiliyyəti əvvəlki illə müqayisədə daha kəskindir. Hər halda ümid edirik ki, vaksinasiya vəziyyəti nəzarətdə saxlamağa kömək edəcək.

– Əməliyyat olunmuş hansı xəstələrə vaksin vurdurmaq olmaz?

– Əməliyyat zamanı hər hansı allergik reaksiyalar aşkar olunarsa, böyrək, ağciyər, qaraciyər və digər ağır orqan çatışmazlığı varsa, vaksin vurdurmaq tövsiyə olunmur. Stabilləşdikdən sonra isə bu xəstələrə peyvənd vurula bilər.

Gununsesi.info