Ombudsman Aparatında Ekspertlər Şurasının toplantısı keçirilib

  • By admin
  • 29 Oktyabr 2016 10:30

 

ombudsman 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili yanında müstəqil Ekspertlər Şurasının toplantısı keçirilib.

Bu haqda Gununsesi.info-ya Ombudsmanın mətbuat xidmətindən məlumat verilib. Belə ki,  Ombudsman Aparatının əməkdaşları, çoxsaylı Qeyri-Hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin nümayəndələri həmin toplantıda iştirak ediblər.

Ekspertlər Şurasının sədri,  Müvəkkil Elmira Süleymanova bu günlərdə Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün qeyd olunduğunu, habelə bu il “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edilməsindən 15 il keçdiyini əlamətdar hadisələr kimi vurğulayıb. O, dövlət, QHT, vətəndaş cəmiyyəti qurumları ilə insan hüquqları sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına daim önəm verdiyini,qarşılıqlı əməkdaşlığın daha faydalı və məqsədyönlülüyünə nail olmaq üçün fəaliyyətə başladığı dövrdən Ombudsman təsisatı yanında yaradılmış müstəqil Ekspertlər Şurasında çoxsaylı müxtəlif profilli qeyri-hökumət təşkilatlarının təmsil olunduğunu bildirib.

Qeyd edilib ki, Şuranın üzvləri insan hüquqları sahəsində biliklərə və təcrübəyə malik olan, elm, təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərdən, habelə QHT nümayəndələrindən və müstəqil ekspertlərdən ibarətdir.Şuranın fəaliyyəti ölkəmizdə insan hüquqlarının əsas istiqamətləri üzrə vəziyyətin təhlil edilməsinə, beynəlxalq konvensiyaların, müvafiq qanunvericiliyin, ölkədaxili qanunların təkmilləşdirilməsi üzrə təkliflər hazırlanmasına, birgə tədbirlər həyata keçirilməsinə yönəlib. Bu, Müvəkkil tərəfindən formalaşdırılmış, insan hüquqları sahəsində fəaliyyət göstərən yerli QHT-lərin daxil olduğu təsisat ictimai əsaslarla, könüllülük əsasında fəaliyyət göstərən müstəqil məşvərətçi qurumdur. Şura üzvlərinin iştirakı ilə təsisatda seminarlar, dəyirmi masalar, görüşlər keçirilib.Şurada vətəndaş və siyasi, iqtisadi, sosial və mədəni hüquqlar, qaçqınların, məcburi köçkün və miqrantların, habelə ahılların, əlillərin, gənclərin, uşaqların hüquqları, məhkumların, hərbi qulluqçuların hüquqları, qadın hüquqları və gender bərabərliyi və s. sahələr üzrə işləyən ekspertlər fəaliyyət göstərib, Şuranın üzvləri insan hüquqları üzrə problemləri təhlil edərək, onların həllində iştirak ediblər.

Ombudsman Ekspertlər Şurasının gələcək fəaliyyət istiqamətləri və prioritetlər haqqında məlumat vermiş, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, beynəlxalq təşkilatlara veriləcək hesabatların hazırlanması, qanunvericilik üzrə təkliflərin irəli sürülməsi, hüquqi maarifləndirmə işinin aparılması və digər sahələrdə əlaqələndirilmiş fəaliyyət göstərəcəyini bildirib.

Toplantıda Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Şuranın, o cümlədən yeni qatılmış üzvlərdən ibarət tərkibi, mövcud prioritetlər nəzərə alınmaqla redaktə olunan Əsasnamənin layihəsi, habelə müvafiq ekspert qrupları barədə məlumat verib.

Ekspertlər Şurasının gələcək fəaliyyət istiqamətləri və perspektivlər haqqında səmərəli müzakirələr və fikir mübadiləsi aparılıb.

Təsisatın əməkdaşları ilə birlikdə insan hüquqları sahəsində müvafiqaraşdırmalar, monitorinqlər keçirilməsi, əhali arasında maarifləndirmə işinin aparılması üzrə təkliflər verilib.

Gülnaz Qənbərli

Gununsesi.info