
Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 27-də İrana səfər müzakirə predmetidir. Bu Paşinyanın baş nazir vəzifəsində İrana ilk rəsmi səfəri idi. Paşinyan bu səfər çoxdan hazırlaşırdı. Ermənistanın baş naziri qonşu İranla əməkdaşlığa xüsusi əhəmiyyət verir.
Səfərdən əvvəl İranın Ermənistandakı səfirliyinin ticarət müşaviri bildirdi ki, 1991-c ildən, yəni Ermənistanın müstəqilliyini qazandığı ildən bəri iki ölkə arasında ticarət mübadiləsində ən yüksək göstərici məhz ötən il qeydə alınıb. Söhbət 364 milyon dollarlıq ticarət mübadiəsindən gedir. Rəqəm böyük deyil, ancaq faktın özü maraqlıdır ki, bu iki ölkə arasındakı əməkdaşlıqda ən yüksək göstəricidir. İran Ermənistana daha çox satır, nəinki alır.
Nikol Paşinyan hansı məsələləri müzakirə etmək üçün Tehrana gedirdi?
Paşinyanın əsas məqsədi İranla indiki iqtisadi əməkdaşlığı genişləndirmək və birgə regional layihələri reallaşdırmaqdır. Sadəcə, İran bu gün iqtisadiyyatında ciddi problemləri var. Paşinyan Moskvaya etdiyi səfərlərdən fərqli olaraq Tehranda Qarabağ münaqişəsinin həllini müzakirəsi etməyi planlaşdırmırdı. Bu heç Tehrana lazım da deyil. Halbuki, Bakıya gələn iranlı rəsmilər və generallar “Qarabağ Azərbaycanındır” fikirlərini daima təkrarlayırlar. İranın Qarabağ məsələsindən məsafə saxlaması İrəvanı illərdir razı salır və ermənilər Tehranın neytral siyasətindən razılıqlarını gizlətmirlər.
İrana rəsmi səfər edən Ermənistanın hər bir prezidenti Qumda dini lider Əli Xamaneyi ilə də görüşmək istəyir. Bir neçəsinə belə görüş qismət olub. Dini liderlə görüş ermənilərə piar baxımından vacibdir. Azərbaycan torpaqlarını işğal edən dövlətin liderinin milliyətcə azərbaycanlı dini liderlə görüşüb şəkil çəkdirməsi erməni siyasətçi üçün uğur sayılır.
Paşinyan İrana səfərindən hansı nəticələr əldə etdi?
İran prezidenti Həsən Ruhani Paşinyanla görüşdə Ermənistana qaz tədarükünün artırılmasına etiraz etmədiklərini bildirdi. Ancaq bunu illərdir deyirlər, ortada nəticə yoxdur. Tehranda hansısa nəzəri regional layihələr barədə də danışıblar. Bunlar da xoş arzulardır. Ermənistanın pulu, sanskiyalardan əziyyət çəkən İranın isə başqa ölkəyə xərcləyəcək yatırımları yoxdur.
Buna baxmayaraq, Paşinyan Tehranda iki arzusunu reallaşdıra bilib.
Birincisi, o Ruhanidən başqa İranın azərbaycanlı dini lideri Əli Xamaneyi ilə görüşüb. Yəni Paşinyanın arzuladığı görüş baş tutub.
İkincisi, Tehranda mövcud olan “Ararat” idman-sağlamlıq mərkəzində İranda yaşayan erməni icmasının nümayəndələri ilə görüşüb, sevincək selfi də çəkdirib. Həmin görüşdə zalda “Dağlıq Qarabağ Respublikasının bayrağı” və “Qarabağ Ermənistanındır” şüarı asılmışdı.
Bu Paşinyanın və ermənilərin İran ərazisində Azərbaycana qarşı təxribatı idi və çox təəssüf ki, bu təxribatın qarşısı alınmadı. İranla Ermənistan arasındakı bu cür təmaslar İranla Azərbaycan arasındakı münasibətlərə də mənfi təsir edir. Paşinyanın Xocalı soyqırımının anılması günü Tehranda olması Azərbaycan cəmiyyətində xoş qarşılana bilməzdi. Digər tərəfdən Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biri Həsən Ruhaninin son mitinqlərin birində “şimal bölgələri (indiki Azərbaycan Respublikası) vaxtilə İrandan qopardılıb” sözləridir. Halbuki, son zamanlar Tehranla Bakı arasında sıx münasibətlər qurulmuşdu, gediş-gəliş artmışdı, prezidentlər arasındakı görüşlərin sayı da çox idi. Əlbəttə, bu əməkdaşlıq yenə də davam edəcək. Ancaq İran-Ermənistan əlaqələri bütün hallarda Azərbaycanda tənqid olunacaq.

Elxan Şahinoğlu/siyasi analitik,
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri











