“Porcshe”nin sahibi qanundan üstün deyil və olmamalıdır” - MİLLƏT VƏKİLİ DÖVLƏT QURUMLARINI İTTİHAM ETDİ - FOTO

  • By admin
  • 05 May 2017 14:42

porse olum

Milli Məclisin deputatı Qənirə Paşayeva Bakıda 14 yaşlı uşağın 200 min manat dəyəri olan “Porcshe” markalı avtomobillə 24 yaşlı gəlini vurub öldürməsinə münasibət bildirib.

Gununsesi.info-nun məlumatına görə, deputat özünün feysbook profilində bunları yazıb: “Bir az öncə çox bahalı avtovobillə 24 yaşlı iki uşaq anasını öldürən 14 yaşlı azyaşlının sosial mediada paylaşılan şəkillərini gördüm. İçki içərkən, qəlyan çəkərkən və s. Həmin fotolardan baxan uşağın həyat tərzini təxmin etmək çətin deyil. Kimsə “ata-analar öz övladlarını necə bədbəxt edirlər” deyə danışanda bu hadisəni diqqətdən qaçırmamalıdır. İlk öncə 14 yaşında uşağa bir müəllimin ömrünün sonuna qədər qazanıb ala bilməyəcəyi qiymətə maşın alıb məktəbə göndərən atadır 24 yaşlı gənc ananın ölümündə günahkar. Yaşı çatmayan və demək sürücülük vəsiqəsi olmayan bir uşağa sənədsiz maşın sürməyə imkan verən, buna şərait yaradan ailədir bu gün iki uşağı yetim qalan gənc ananın ölümündə ilk öncə suçlu olan.

Bu uşağın şəhərdə sənədsiz necə maşın sürə bilməsi də ciddi araşdırılmalıdır. Bəs bu sahəyə cavabdehlər niyə addım atmayıblar? Atıblarsa hansı addımlardır ictimaiyyət bilməlidir. Çünki bir gənc insan həyatını itirib və iki uşaq anasız böyüyəcək.

Atanın mətbuatdakı açıqlamalarını baxdım. Böyük təssüf, qınaq və hiddət hissi ilə… Bu cür atalara demək istəyirəm ki, milləti düşünmürsünüzsə heç olmasa övladınızı, onun gələcəyini düşünün. Bir uşaq özünün əlində içki, ağız dolusu qəlyan tüstüsü, bahalı maşınla pozları ilə qürur duymamalıdır, bunu etməməlidir. Bu onun gələcəyinin məhv olması deməkdir. Neçə-neçə insanın həyatını məhv etməsi deməkdir. O yaşda bir uşaq məktəbdəki təhsili ilə, əxlaqı, çalışqanlığı ilə fərqlənməlidir. O pulları uşaqlarınızın məhvinə deyil, kasıblara, ehtiyacı olanlara, yaxşı bir işə dəstəyə xərcləyin və uşağınız da sizin bu əməllərinizi görüb doğru tərbiyə olunsun. Onsuz da sizin pulunuz Allah nəsiib etsə övladınıza qalacaq. Kiçik yaşlarda yazıq etməyin övladlarınıza, onların tədbiyəsinə… Sonra da əziyyətini sizdən çox başqaları çəkir və buna haqqınız yoxdur. Qudurğan pozlar, həyat tərzi heç bir normal insanda rəğbət yaratmır, tam əksi, nifrət yaradır. Qanunlar, hüquq öz yerində və ümid edirik ki, ədalət yerini tutacaq. Amma əgər bir az vicdan anlayışı varsa, o ailə və iki uşaq anasını yetim qoyan o “uşaq” bir ömür vicdan əzabı cəzası çəkəcəklər. Amma bu cinayət cəzasız qala bilməz və qalmamalıdır. Zəngin insanlar bu hadisəyə, insanların haqlı hiddətinə, qəzəbinə, etirazına diqqətlə yanaşmalı və ders almalıdırlar. Müvafiq qurumlar da ciddi tədbirler görməlidirlər. Qanunlar qarşısında hamı eyni olmalıdır. “Porşe” avtomobili də, onun sahibi də qanun və qaydalardan üstün deyil və olmamalıdır”.

Yetər! Hər kəs pulu özü üçün qazanır və ondan başqalarını əzmək üçün istifadə etməyə heç kəsin haqqı yoxdur”.

porse olum2

Gununsesi.info