Prokuror Fuad Əhmədliyə 7 il iş istədi

  • Müəllif: admin
  • 06 İyun 2017 16:09

Без названия

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Gununsesi.info-nun xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxışında F.Əhmədlinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili Əsabəli Mustafayev çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası iyunun 16-na təyin edilib.

Qeyd edək ki, F.Əhmədli 2016-cı il avqust ayının 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun açıqlamasına əsasən, F.Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin qeyd edilib ki, F.Əhmədlinin mənzilində axtarış zamanı Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-lər tapılıb.

F.Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

Gununsesi.info