
“Rusiya Ədalət Təşəbbüsü” (Pravovaya İnitsiativa po Rossii) Təşkilatının apardığı analoji araşdırmalar zamanı məlum olub ki, Dağıstan Respublikasında azyaşlı qızların sünnət edilməsi halları sürətlənib. Təşkilatın prokurorluğa etdiyi müraciətdə bildirilir ki, respublika sakinlərinin anonim şəkildə verdiyi 42 müsahibəyə görə, qadınlar sünnəti hələ də mövcuddur.Təşkilatda bunu cinsi əməliyyat adlandırıblar.
Gununsesi.info-nun xəbərinə görə, “Qızların cinsiyyət orqanlarında əməliyyatların aparılması” barədə hesabat 2016-cı ilin avqustunda Dağıstanda aparılan tədqiqat nəticəsində hazırlanıb. Tədqiqatlar göstərib ki, Dağıstan Respublikasının kəndlərində dünyanın bir çox ölkələrində qadağan olunmuş qadınların sünnəti bu günədək də davam edir. Qeyd edilib ki, sünnət əməliyyatları ən çox Dağıstanın ucqar kəndlərində həyata keçirilir. Qızlar üzərində 3 və daha yuxarı yaşlarda aparılan bu əməliyyatlar, əsasən ev şəraitində həyata keçirilir.
Azərbaycanın Zaqatala, Baləkən, Quba və Qusar bölgələrində də bülə sünnətlərin həyata keçirilməsiylə bağlı xəbərlər dolaşır. Qadın sünnətlərinin həyata keçirilməsi onların fiziki və psixi durumlarında neqativ izlər buraxır.
“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Gununsesi.info-ya açıqlamasında bildirib ki, qadınların sünnət olması məsələsi son zamanlar vəhabi təriqətindən olan ailələrdə təbliğ edilən bir ayinə çevrilib. Bu təriqət üzvlərinin ailələrində doğulan qızlar da Dağısatanda baş verən sünnət prosesinə məruz qalırlar: “Azərbaycanda bu haqda danışılmasa da, bir neçə il bundan əvvəl Zaqatala və Qusar rayonlarından bir neçə faktla bağlı sosial şəbəkələrdə statuslar yazılıb, müzakirələr aparılmışdı. Biz Qusarda qadınlar arasında bu barədə söhbət etsək də, deyilən faktlar öz təsdiqini tapmadı. Yəni ya qadınlar bu barədə susdu, ya da biz həmin ailələrə çıxış tapa bilmədik. əlimizdə fakt olmadığına görə, nəticədə məsələni ictimailəşdirmədik”-, deyə o bildirib.
M.Zeynalova qeyd edib ki, Rusiya Federasiyasının Dağıstan Respublikası Azərbaycanla qonşu olduğundan, bu cür halların bizim ölkəyə sirayət etməsi də qaçılmazdır və mümkündür: “Rayonlarda bu mövzuda maarifləndirilmə aparılmalıdır. Qeyri-Hökumət Təşkilatları öz tədbirlərində bu məqamın qadın və qızlara verdiyi zərərdən xüsusi ilə danışmalıdırlar-,deyə o bildirib.

Gülnaz Qənbərli
Gununsesi.info










