Qan xərçəngi olan dustaq ölümcül vəziyyətə düşüb

  • By admin
  • 28 Mart 2024 16:08

Hazırda həbsdə olan “Demokratik.az” saytının rəhbəsi Osman Nərimanoğlunun səhhətində ciddi problem yaranıb və onun müalicəsi üçün heç bir addım atılmır”.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə həbsdəki jurnalistin həyat yoldaşı Arzu Rzayeva mediaya müraciətində deyib:

“Qan xərçəngi olan dustaq ölümcül vəziyyətə düşüb, ona yardım çağıran yoldaşım “kars”a salınıb”.

Göygöl sakini Arzu Rzayeva deyir ki, həyat yoldaşını həbs etdirməklə kifayətlənmirlər, ona təcridxanada da əzab verirlər.

Jurnalistin xanımı deyir ki, iki məktəbli övladı da daxil, bütövlükdə ailə əziyyət çəkir: “Yoldaşım həbs edildiyinə görə iş tapa bilmirəm. Uşaqların atasını iki ildir ki, şər-böhtanla həbs elətdiriblər. Dövlət maraqlanmır ki, bu uşaqlar, bu ailə hansı vəziyyətdədir? Uşaqlar təhsildən geri qalırlar, psixoloji sarsıntı keçirirlər. Onlara normal təhsil verməyə imkanım çatmır. Osman Nərimanoğlunun həyat yoldaşı olduğuma görə iş də tapa bilmirəm. Bir qohumumun işlədiyi müəssisəyə düzəlmək istəyirdim. Kim olduğumu bilib, imtina elədilər. Üstəlik, qohumuma da irad tutublar ki, sən bilirsən, onun əri jurnalistdir, həbsdədir, niyə bizə calayırsan? Bütöv bir ailəyə zülm edirlər. Bu qədər vicdansızlıq, insafsızlıq olar?!”

40 yaşlı Osman Nərimanoğlu 2022-ci ilin yayından həbsdədir.

2024-cü ilin yanvarında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 6 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

O, rəhbərlik etdiyi saytda onları rüsvay edəcək məlumatlar yaymamaq üçün müxtəlif adamları hədələyib, pul almaqda ittiham olunur.

Zərərçəkmiş qismində tanınanların əksəriyyəti Göygöl Rayon Mərkəzi Xəstəxanasının rəhbəri və işçiləridir: direktoru Vasif Əliyev, şöbə müdiri Əlikömək Alıyev, həkim Rəşad Əkbərov və s.

Sayt rəhbəri özünü təqsirli bilmir, şərlənərək həbs olunduğunu deyir və hökmdən apelyasiya şikayəti verib.

Həyat yoldaşı deyir ki, qarşı tərəf də hökmdən narazıdır və apelyasiya şikayəti verib. Osman Nərimanoğluna verilmiş cəza onları qane etməyib.

Arzu Rzayeva danışır ki, həyat yoldaşı Gəncədə saxlandığı 2 saylı İstintaq Təcridxanasında Novruz bayramı ərəfəsində cəza kamerasına (“kars”) salınıb.

Onun sözlərinə görə, səbəb isə Osman Nərimanoğlunun onunla eyni kamerada saxlanılan və ağır vəziyyətdə olan dustaq üçün yardım istəməsi olub:

Onunla eyni kamerada qan xərçəngi olan xəstə var. Yoldaşım ona yardım çağırıb və nəticədə “kars”a salınıb. Həmin dustaq 3 ay Bakıda – Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılıb. Orada ona hər həftə qan köçürülürmüş. Məhkəməsinə görə hakim onu Gəncəyə gətirdib. Məhkəmədən sonra da onu xəstəxanaya qaytarmayıblar. Ona mütəmadi qan köçürülməlidir deyə durumu kəskin pisləşib, ölümcül vəziyyətə düşüb. Səhərə qədər adam o vəziyyətdə olub. Səhər Osman qışqırıb ki, təcridxananın həkimi tez gəlsin, adam ölür. Orada Habil adlı biri var, deyib ki, gəlmirəm, cəhənnəmə ölsün”.

Osman da deyib ki, bura heç kimin özünün, atasının şəxsi obyekti deyil, xəstə adama qarşı belə davranış insanlıqdan çıxmaqdır. Qışqırıb ki, bəlkə, təcridxananın rəisindən, müavinindən kimsə gəlib, bu adamla maraqlanar. Ona görə Osmanın özünü “kars”a salıblar. 4 gün “kars”da saxlayandan sonra buraxdılar”.

O əlavə edib ki, həyat yoldaşının da sağlamlığında problemlər var. Hətta təcridxanaya onun üçün bir torba dərman aparıblar, çünki böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin bundan öncə Meydan TV-nin sorğusuna cavablarında bildirilir ki, bu qurumun tabeliyində olan təcridxana və cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin sağlam olması üçün lazım olan bütün addımlar atılır:

Penitensiar müəssisələrdə saxlanılan şəxslərin müayinə və müalicəsi Tibb Baş İdarəsinin səlahiyyətindədir. Onlar da həssas yanaşırlar, lazım olan tədbirləri görürlər. Saxlanılan şəxslərin sağlam olması Penitensiar Xidmət olaraq, bizim də marağımızdadır”.

 

Elmar

Gununsesi.info