Qazax rayonunda “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib

  • Müəllif: admin
  • 30 Sentyabr 2016 14:24

qazax

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram” mövzusunda tədbir keçirib.  

Bu haqda Gununsesi.info-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edib.  Daha sonra aprel döyüşlərində şəhid olmuş Orxan Əliyev, Elvin Namazov və Mühid Qurbanovun xatirəsini əbədiləşdirmək məqsədilə tikilən bulaq kompleksinin açılışı olub.

Tədbir Qazax rayon Mədəniyyət Mərkəzində davam edib. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin uğurlu davamından söz açıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxışında aprel döyüşlərində Azərbaycan ordusunun düşməni ağır məğlubiyyətə uğratmasının ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdiyini qeyd edib: “Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun ən müasir silahlarla təmin olunası, şəxsi heyətin peşəkar hazırlığı ərazilərimizin bütövlüyünün tezliklə təmin olunacağına əminlik yaradır”-, deyə o bildirib.

Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev çıxışında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi belə tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli isə qeyd edib ki, aprel döyüşlərində Azərbaycan xalqı yekdilliklə Ali Baş Komandanın yanında olduğunu bir daha nümayiş etdirib.

Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, Qazax rayonunda yerləşən N saylı hərbi hissədə nümunəvi xidmətinə görə fərqlənən əsgər, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıblar.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Qazax rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.

Gülnaz Qənbərli

Gununsesi.info