Qazaxıstanda prezident seçkilərində saxtakarlıq - NARAZI VƏTƏNDAŞLAR HƏBS EDİLDİ/ VİDEO/FOTO

  • By admin
  • 09 İyun 2019 23:24

Qazaxıstanda bu gün keçirilən növbədənkənar prezident seçkiləri etiraz aksiyaları ilə müşayiət olunub. Etirazlar üçün ölkənin ən böyük şəhərləri – Nur-Sultan və Almatıya toplananlara polis müdaxilə edib, təxminən 100 nəfər saxlanılıb.

Gununsesi.org “Əl Cəzirə”yə istinadən bildirir ki,  ölkənin qadağan olunmuş müxalif hərəkatı “Qazaxıstanın Demokratik Seçimi”nin rəhbəri Muxtar Ablyazov onu dəstəkləyənləri meydana çağırıb. Instagram sosial şəbəkəsi üzərindən etdiyi müraciətdə o deyib: “Onlar azdır, biz çoxuq”.

Aksiyalar zamanı etirazçılar polis zorakılığı ilə üzlşib. Həbs olunanlar arasında “Agence France-Presse” xəbər agentliyinin əməkdaşı Kris Riklton da var.

Nə baş verib: Ölkənin əvvəlki prezidenti Nursultan Nazarbayevin mart ayında istefasından sonra Qazaxıstanda növbədənkənar prezident seçkiləri elan olunub. Seçkiyə qədər onun vəzifə səlahiyyətlərini Kasım-Jomart Tokayev yerinə yetirib. Prezident seçkisində iştirak etmək üçün namizədliyi təsdiqlənən 7 nəfər arasında 66 yaşlı K.J.Tokayev də var. Onun namizədliyini N.Nazarbayevin başçılıq etdiyi Nur Otan partiyası irəli sürüb.