Rentabelli olmayan və vergi borclarını ödəməyən iri dövlət müəssisələri yoxlanılmalıdır -QÜDRƏT HƏSƏNQULİYEV

  • By admin
  • 26 Aprel 2022 16:27

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev
“Hesaplama Palatası haqqında qanuna dəyişiklik təklif edib: “İqtidar təmsilçilərinin əldən vermək istəmədiyi və buna görə özəlləşdirmədiyi, rentabelli olmayan və vergi borclarını ödəməyən iri dövlət müəssisələri ilk növbədə yoxlanılmalı, audit olunmalıdır. Yəni bu tələb düşünürəm ki, qanunvericiliyə daxil edilsə doğru olar. Çünki sadə insanlar da bilir ki, bunun səbəbi bir çox hallarda saxta tenderlər və xərclərin şişirdilməsidir. Bu günlərdə ABŞ səfiri də bəyan etdi ki, Qarabağda açıq tenderlər keçirilərsə, bərpa işlərinə Amerika Birləşmiş Ştatları da qatıla bilər. Mən Hesablama Palatasının fəaliyyətini müsbət qiymətləndirirəm və səs verəcəyəm. Hesablama Palatası həm də yeganə orqandır ki, büdcə gəlirlərini təmin edən, büdcəyə vəsait toplayan, o cümlədən oğrulanmış büdcə vəsaitlərini geri qaytaran istintaq və məhkəmə orqanlarından fərqli olaraq, müəyyən mənimsənilmiş vəsaitlərin büdcəyə qaytarılmasını təmin etsə də, həmin hissədən özünə pay istəmir. Biz bilirik ki, digər dövlət orqanları belə təşəbbüslərlə çıxış ediblər. Çox təəssüf, biz də dəstəkləmişik ki, həmin vəsaitin bir hissəsi həmin dövlət orqanlarının maddi-texniki bazasının gücləndirilməsinə və onların işçilərinin sosial müdafiəsinin daha yaxşı təmin olunmasına sərf olunsun.
Qüdrət Həsənquliyev çıxışında daha sonra
həmkarlarının diqqətini başqa bir məsələyə yönəltdi:

 

“Biz bilirik ki, bu hesabatlar həm də fəaliyyətin qiymətləndirilməsidir. Amma heç bir qanunvericilikdə öz əksini tapmayıb ki, əgər, Milli Məclisdə hesabat mənfi qiymətləndirilsə, bu hansı hüquqi nəticələr doğurur. Burada hörmətli Tahir müəllim dedi ki, Hesablama Palatası haqqında qanunun 7-ci maddəsində qeyd olunur ki, Hesablama Palatası illik hesabat verir. 17-ci maddədə də Hesablama Palatası üzvlərinin səlahiyyətlərinə hansı hallarda vaxtından əvvəl xitam verilir, həmin dairə müəyyən olunub. Düşünürəm ki, o da qeyd olunmalıdır ki, əgər Hesablama Palatasının fəaliyyəti Milli Məclis tərəfindən mənfi qiymətləndirilirsə, o halda Hesablama Palatası bütünlüklə istefaya göndərilməlidir. Eyni zamanda mən vaxtilə də bu məsələni qaldırmışam. Bizdə 2002-ci il dekabrın 24-də Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlıər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunun var. Bu 4 maddədən ibarət kiçik bir qanundur. Orada da əgər Milli Məclis Nazirlər Kabinetinə etimad göstərmirsə, yəni onun hesabatı bəyənilmirsə, o halda hansı hüquqi nəticələr doğurur. Mən düşünürəm ki, nəinki hesabata mənfi rəy verəndə Nazirlər Kabineti, həm də əgər parlamentin komitələrində ayrı-ayrı nazirliklərin fəaliyyəti ilə əlaqədar dinləmələr keçirilirsə, Milli Məclis onların fəaliyətini qeyri-qənaətbəxş hesab edirsə, bu halda da həmin nazirlər istefaya göndərilməldiir. Düşünürəm ki, dövlət quruculuğu iqtiqamətində qanunvericliyi təkmilləşdirməliyik. Bu da Milli Məclisin rolunun artırılmasına, həm də həmin dövlət orqanlarının məsuliyyətinin artmasına öz müsbət təsirini göstərmiş olar”.

Gununsesi.info