Rusiya ilə müharibə Ukraynaya neçə milyard dollara başa gəlir? - Britaniyanın İqtisadi Mərkəzi rəqəmləri açıqladı

  • By admin
  • 12 Fevral 2022 17:44

Ukrayna Rusiya ilə müharibəyə görə hər il böyük pullar itirir. Təkcə 2014-cü ildə Krımın ilhaqı Kiyevə 58 milyard dollara başa gəlmişdi. Donbasdakı müharibəyə isə ildə təxminən 15 milyard dollar xərclənir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın Rusiya ilə müharibədəki itkilərini Britaniyanın İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzi (CEBR) hesablayıb.

Araşdırma 2014-2020-ci illəri əhatə edir: “Bu dövr ərzində Donbasdakı hərbi əməliyyatlar ümumilikdə 102 milyard dollar və ya ildə təxminən 14,6 milyard dollar başa gəlib. Krımın ilhaqına görə isə Ukrayna hər il əlavə 8,3 milyard dollar xərcləyir”.

Bu altı il ərzində Ukrayna iqtisadiyyatının itkiləri 280 milyard dollar və ya hər il təxminən 40 milyard olub. Bu, Ukraynanın münaqişədən əvvəlki ÜDM-nin 19,9 faizini təşkil edir.
Müharibə ticarət və investisiyaya da böyük təsir göstərib. Aktivlərdə və vergi gəlirlərində əhəmiyyətli itkilər baş verib.

Mərkəzin Ukrayna hökuməti üçün apardığı araşdırma göstərir ki, münaqişə əslində 2013-cü ildə Avropa İttifaqı ilə Assosiasiya Sazişinin bağlanmasından sonra Kiyevə ağır siyasi və iqtisadi təzyiqlərlə başlayıb.

Təhlildə deyilir ki, bu, bu günə qədər aparılan ən aktual və mötəbər araşdırmadır. Analitiklər davam edən münaqişənin Ukrayna iqtisadiyyatına ciddi təsir göstərdiyini də təsdiqləyirlər: “Məlum vəziyyət investorların inamını aşağı saldı. Bu da öz növbəsində 72 milyard dollar və ya ildə 10,3 milyard dollar investisiya itkisi ilə nəticələndi. Ukrayna ixracatında davam edən azalma 2014-cü ildən 2020-ci ilə qədər 162 milyard dollara qədər ümumi itkilərə səbəb olub. Krım və Donbasda itirilmiş və ya zədələnmiş aktivlərdən ümumi kapital itkisi 117 milyard dollara çatır”.

O da qeyd olunur ki, 2014-2020-ci illəri əhatə edən hesabat dövründə 48,5 milyard dollar itirilən vergi gəlirləri ilə Ukrayna dövlət sektorunun maliyyəsi də zərər görüb. Üstəlik, bu altı il ərzində 14,9 milyard dollarlıq hərbi xərclər var: “Təcavüzkarın hərəkətləri olmasaydı, buna ehtiyac olmayacaqdı”.

Mərkəzin hesablamalarına görə, münaqişə olmasaydı, Ukrayna bu müddət ərzində qeyri-hərbi fəaliyyətlərə 63,3 milyard dollar xərcləyə bilərdi.

 

Gununsesi.info