Sabah Bakının mərkəzində avtomobillərin hərəkəti dayandırılacaq - XƏBƏRDARLIQ

  • By admin
  • 12 May 2018 13:50
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2018” piyada marafonunun keçirilməsi ilə əlaqədar Bakı şəhərinin bir sıra küçə və prospektlərində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Bu barədə ölkə.az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilir ki, marafon iştirakçılarının təhlükəsiz və fasiləsiz hərəkətinin təşkili məqsədilə sabah, yəni 13 may saat 9:00-dan 15:00-dək Bayraq meydanından  başlayaraq Azneft dairəsi istiqamətinə, Neftçilər prospekti, Yusif Səfərov, Qədirbəyov, Həsənoğlu küçələrində, eləcə də Xətai prospekti və Heydər Əliyev prospektinin ikinci yolu şəhər istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Qeyd edilən ünvanlar üzrə hərəkət edən avtomobil sahibləri və sürücülərdən, tədbiri nəzərə alaraq, şəxsi avtomobillərdən az istifadə etmələri tövsiyə olunur.

Bundan başqa, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Xətai prospekti, Xətai prospektindən Heydər Əliyev prospektinə çıxan körpü və ətrafında, həmçinin Heydər Əliyev prospektindən Babək prospektinə çıxan körpü və ətrafında üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq hərəkət məhdudlaşdırılacaq.

Bu barədə məlumat verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən bildirilir ki, bu gün axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

Tam məhdudlaşdırma həmin hissələrdə olan körpü üzərlərində tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Digər hissələrdə isə məhdudlaşdırma qismən tətbiq olunacaq. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Gununsesi.info