
Martıın14-ü çərşənbələrin sonuncusu İlaxır çərşənbədir.
Gununsesi.info xəbər verir ki, bu çərşənbə xalq arasında “Axır çərşənbə”, “Torpaq çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə də tanınır. Sonuncu çərşənbədə torpaq oyanır.
Torpağın oyanışı olan Torpaq çərşənbəsi özlüyündə bərəkəti, məhsul artımını simvollaşdırmaqla insanları maddi nemətlər bolluğu ilə təmin edib, acından ölmək təhlükəsindən qurtarmaqla xilasedici dirilik missiyası daşıyır. Torpağın müqəddəsliyi və həyatvericilik gücü ondadır ki, digər yaradılmışlar da torpaqdan dirilik tapıb, inkişaf edir. Bitkilərin bitib-cücərməsi timsalında digər canlılar aləminin torpağın bəxşedici gücü ilə yaranıb formalaşdığını əks etdirir. Torpaq maddi varlıq olaraq bitkiləri və insanların yaşayıb inkişaf tapmasına, fəaliyyətinə şərait yaradır.
Torpaq çərşənbəsi olduğu üçün artıq xalq əkin – biçinə başlamalı olur. Digər çərşənbələr sayılan Su, Od, Yel öz işlərini bitirmiş sayılırlar və Torpağa yer verirlər. Torpaq isə deyir səndən hərəkət məndən bərəkət. Yerlər şumlanır, toxumlar səpilir və artıq yazın gəlməsi ilə işgüzarlıq da özünü göstərir.
Axır çərşənbə günü qadınlar, qızlar çilələrini tökmək üçün çay üzərinə yollanır və sudan tullanırlar. Həmçinin həmin gün axşam vaxtı yenə də tonqallar qalanır, lakin bu çərşənbənin tonqalları digərlərindən amam fərqlənir. Çünki həmin gün daha çox maraq olur və hamı od ətrafına yığışaraq onun istisinə qızınmağa çalışırlar.
Qeyd edib ki, yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 14:29-də olacaq.
Anar
Gununsesi.info












