Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Xalidə İsgəndərovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Gununsesi.info-nun məlumatına görə, prosesdə şahid qismində dindirilən Firuzə Dadaşova ifadəsində göstərib ki, tanışı Bülbül İsgəndərova ona qətl hadisəsində anası və bacısından şübhələndiyini deyib. Şahid qismində məhkəmədə ifadə verən Nəsibə Quliyeva və Yaqut Əbdüləzimova X.İsgəndərova ilə qonşu olduqlarını, hadisə baş verən zaman onlara getdiklərini və Fizulinin bıçaqlandığını gördüklərini bildiriblər.
Mərhum F.İsgəndərovun bacısı oğlu Orxan Süleymanzadə ifadəsində dayısı qızı Əmanənin ona zəng vurub atasının bıçaqlandığını deyib: “Təcili dayımgilə getdik, sonra fotorobort hazırlaması üçün polis idarəsinə yollandıq. Amma Xalidə İsgəndərova ilə Əmanənin dedikləri üst-üstə düşmədi. Dayımın böyük qızı Bülbül mənə qətlin anası tərəfindən törədildiyini demişdi”. Məhkəmə prosesi iyulun 8-də davam etdiriləcək.
Xatırladaq ki, sözügedən qətl hadisəsi 2014-cü il sentyabrın 1-də Babək prospekti, ev 17 ünvanında baş verib. 1964-cü il təvəllüdlü Füzuli İsgəndərov evin həyətindəki qarajda qətlə yetirilib. Qatil ev sahibinə 19 bıçaq zərbəsi vurduqdan sonra onun boğazını kəsib. Hadisə baş verən gün evdə F.İsgəndərovun həyat yoldaşı Xalidə İsgəndərova və qızı Əmanə İsgəndərova olub. İlkin dindirilmə zamanı qadın cinayətkarın ona hücum elədiyini və boğmağa çalışdığını bildirib. O, ilkin ifadəsində cinayətkarın maskasını çıxararaq öldürməməsi üçün yalvarıb, evdə olan qızılları və pulları verəcəyini deyib. Qadını sağ buraxan cani hadisə yerindən qaçıb… İstintaqın gəldiyi nəticəyə görə isə F.İsgəndərov elə öz həyat yoldaşı tərəfindən qətlə yetirilb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. Hadisədən 8 ay sonra Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb. Qeyd edək ki, qətlə yetirilən Füzuli İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində işləyib. Mərhum F.İsgəndərov sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olub.
Qeyd edək ki, X.İsgəndərova istintaq zamanı ona elan olunmuş ittihamlarla razılaşmayıb, qətldə əli olmadığını deyib. Məhkəmədə isə ifadə verməkdən imtina edib.
Gulnaz Qənbərli