Sosial şəbəkələrdə tez-tez vətəndaşların onlara gələn müəyyən zənglərdən narahat olduğunu görmək mümkündür.
Maraqlıdır, bu cür halların qanuni qarşılığı varmı?
Bu barədə Gununsesi.info– ya hüquqşünas Şamil Paşayev danışıb.
O bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, fərdi məlumatlar haqqında Qanun fərdi məlumatların (telefon nömrəsi də bura daxildir) şəxsin razılığı olmadan üçüncü şəxslərə verilməsini və marketinq məqsədilə istifadəsini ümumi qayda olaraq qadağan edir.
“Bunun üçün hüquqi əsas və ya məlumat sahibinin razılığı olmalıdır. Reklam haqqında Qanun elektron rabitə vasitələri ilə (SMS, zəng və s.) reklam göndərilməsi və ya edilməsi üçün də istehlakçının əvvəlcədən razılığının alınmasını tələb edir. Əgər siz belə razılıq verməmisinizsə, bu cür zənglər qanunvericiliyin tələblərinə uyğun olmaya bilər. Əgər eyni şirkət sizi davamlı narahat edirsə, onlardan nömrənizin bazalarından silinməsini tələb edin. Zənglər davam edərsə, məsələ ilə bağlı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi və ya Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qarşısında müraciət qaldırmaq mümkündür. Zəruri hallarda məhkəməyə müraciət etmək hüququ da var”, – deyə o, həmçinin qeyd edib.
Orxan
Gununsesi.info












