Sabiq MTN-çilərdən Ərdoğanın bəyanatına reaksiya

  • By admin
  • 01 Avqust 2016 17:26

aras

Ərəstun Oruclu: “Azərbaycanda dövlət çevrilişi edilməsi absurddur”

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda Fətullah Gülən tərəfdarlarının çevrilişə cəhd potensialının olmasıyla bağlı verdiyi sensasion açıqlama birmənalı qarşılanmayıb. Gununsesi.info-nun Türkiyə KİV-nə istinadən verdiyi xəbər görə, Türkiyə prezidenti Fətullah Gülənə qarşı mübarizədə dünyadakı bütün dövlətlərin birlikdə və bu prosesə ciddi şəkildə başlamağın vacibliyini söyləyib.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Gununsesi.info-ya açıqlamasında bildirib ki, Türkiyə rəsmilərinin, eləcə də Rəcəb Tayyib Ərdoğanın bu cür bəyanatlarının artıq ciddiyə alınmamasının tərəfdarıdır. Ə.Oruclu hesab edir ki, Ərdoğanın Fətullah Gülən ətrafında, eləcə də onun təşkilatı haqqında Türkiyədə spekulyasiya etməsi, bu “təhlükələr” faktiki olaraq, göstərir ki, Türkiyə hökuməti artıq bir xarici siyasət vasitəsinə çevrilməyə başlayıb: “Rəsmi şəxslər gah Qırğızstanı, gah da Azərbaycanı təhdid edirlər. Yəni, əgər bu adamların Azərbaycandakı və Qırğıstandakı real vəziyyətdən ciddi məlumatları varsa, onda bəs necə olub ki, onlar öz ölkələrində “gülənçi”ləri bu qədər dərinə buraxıblar? Bunların dediyinə inansaq, az qala ölkədə hərbi çevriliş olacaqdı. Hesab edirəm ki, bu tip bəyanatları ciddiyə almaq lazım deyil. Sadəcə, nəzərə almaq olar, vəssəlam. Qeyd edim ki, onların basqısı altında hansısa addımlar atmaq Azəraycan dövlətinin marağında da deyil. Hər bir dövlərin öz maraqları var. Biz də öz dövlət maraqlarımızı qoruyub saxlamalıyıq. Düşünürəm ki, Ərdoğanın belə bəyanatları güclü stress və qorxu hissinin məhsuludur. “Gülənçi”lər Azərbaycanda necə çevriliş edə bilərlər? Faktiki olaraq, ölkədə hər şey hakimiyyətin güclü nəzarətindədir. Axı, necə mümkün olar ki? Bu şişirtmədir. Azərbaycanda dövlət çevrilişi edilməs absurddur, qeyri-mümkündür. “Gülənçi”lərin Azərbaycanda dövlət çevrilişinə potensial gücü olmasiyla bağlı fikir bildirmək özü də, elmi-fantastik hekayəyə oxşayır. Ərdoğan faktiki olaraq, paranoya vəziyyətindədir. Ona görə də xarici ölkələrə verilən bu tip bəyanatlar daha çox təzyiq xarakterlidir”-, deyə o bildirib.

ilham ismayil

İlham ismayıl: “Azərbaycanda nəinki “gülənçi”lər, heç başqaları da dövlət çevrilişi etmək iqtidarında deyillər”

Sabiq MTN zabiti, “Təhlükəsizlik” Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayıl isə məsələ ilə bağlı münasibətində qeyd edib ki, Türkiyədə iyulun 15-də baş verən hadisələrdən sonra ölkənin siyasətində – konkret olaraq isə, Rəcəb Tayyib Ərdoğanın siyasətində Fətullah Gülən siyasətinə və tərəfdarlarına qarşı aşırı şəkildə ittiam irəli sürülməyə başlanıb. O bildirb ki, bunu Türkiyə daxlində baş verən hadisələrdən və həbslərdən də aydın görmək olur: “Həbs edilənlər arasında günahsızarı da var. Ərdoğanın özünə yaxın bildiyi ölkələr, o cümlədən də Azərbaycan haqqında belə həyəcanlı anonslar verməsi, əslində, onun hələ də fobiya içərisində olmasından xəbər verir. Deyim ki, Azərbaycanda adı Fətullah Gülənlə hallanan Qafqaz Universitetində hamı “gülənçi” ola bilməz. Eləcə də bu, hazırda Azərbaycanda biznes fəaliyyətiylə məşğul olan iş adamlarına da aiddir. Deyim ki, hətta Azərbaycanda “gülənçi”lər olmuş olsaydılar belə, onlarda da Ərdoğanın verdiyi anonsdakı kimi Azərbaycanda çevriliş etmək potensialı yoxdur. Ərdoğan isə o qədər vahimə içərisindədir ki, sonuncu “gülənçi”ni belə sıradan çıxarmamış sakitləşməyəcək”-, deyə o fikrini əsaslandırıb.
İlham İsmayıl Ərdoğanın bəyanatını blef adlandırıb: “Ərdoğanın “Fətullah Gülənin Azərbaycanda çevrilişə cəhd etmək potensialı var” deməsi, sadəcə, blefdir. Azərbaycanda nəinki “gülənçi”lər, heç başqaları da dövlət çevrilişinə cəhd belə etmək iqtidarında deyillər. Azərbaycan höküməti bu baxımdan situasiyanı daim ciddi nəzartdə saxlaya bilir”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sensasion açıqlama verib. Bəyanatda deyilir ki, örgütün 35 il əvvəl təşkilatlanmağa başladığı ölkələrdən Azərbaycan, Qırğızıstan və Türkmənistan kimi türkdilli respublikalarda çevrilişə cəhd etmək potensialı var: “Son 40-20 il arasında 80-ə qədər ölkədə təşkilatlanıblar. Afrika respublikalarında daha təsirli ola bilərlər. Lakin bu çevriliş cəhdləri Gülənin kefi istəyəndə yox, Mərkəzi Kəşfiyyat İdarəsi istəyəndə baş verəcək”-, deyə Ərdoğan bildirib. Ərdoğan Türkiyəni ələ keçirmək istəyən fətullahçıların məktəblər açdığı ölkələrdə də eyni yolla hakimiyyətləri ələ keçirməyə cəhd etməsini mümkün hesab edib.
Gülnaz Qənbərli
Gununsesi.info