Sahibkarların iqtisadi gəlirlərdə simvolik payı - TƏHLİL

  • Müəllif: admin
  • 21 İyun 2017 15:30

143048_src

“2016-cı il yanvarın 1-nə vəziyyətinə ölkədə qeydiyyatdan keçən hüquqi şəxslərin 12 faizini kiçik müəssisələr təşkil etməsinə baxmayaraq, onların ÜDM-də payı 4 faiz, məşğulluqda 6.3 faiz, məhsul istehsalında isə 9.6 faiz təşkil edir”.  

Gununsesi.info-ya bu sözləri Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli kiçik və orta sahibkarılğın (KOS) inkişafından danışarkən vurğuladı.

İlqar Hüseynli bildirir ki, ölkədə sahibkarlıq subyektlərinin 99.2 faizini təşkil edən fərdi sahibkarların və kiçik müəssisələrin ÜDM-də payı çox kiçikdir. Bu prizmadan yanaşaraq qeyd etmək olar ki, ölkənin inkişafında KOS-un payı son dərəcə böyük əhəmiyyət kəsb edir.

İ.Hüseynli əlavə edir ki, Azərbaycan  bir pəncərə prinsipi ilə şirkət qeydiyyatı və qabaqcıl e-hökumət portalı təcrübəsinin tətbiqi daxil olmaqla, biznes mühiti islahatlarında öncədən fəallıq göstərib: “İnnovasiya, eləcə də kiçik və orta müəssisələrin potensialının formalaşdırılması üçün maliyyə dəstəyi və institusional dəstək 2012-ci ildən başlasa da, bu tədbirlər üçün çərçivə  hələ mövcud deyil.

Maliyyə resurslarına çıxış imkanı kiçik və orta sahibkarlıq qarşısında dayanan əhəmiyyətli çətinliklərdən biri olaraq qalır. Və kapital bazarı daxil olmaqla, alternativ maliyyə mənbələrinə və  bank kreditlərinə çıxışın təşviqi məqsədilə aparıcı maliyyə infrastrukturlarına hələ də ehtuyac var”.

Ekspertin fikrincə, hazırda hökumət kiçik və orta müəssisələrlə bağlı siyasətə yön verəcək ətraflı strategiyaya, eləcə də effektiv koordinasiya mexanizminə malik deyil. Onun sözlərinə görə,  qanunvericilik bazasının gücləndirilməsi istiqamətində müəyyən irəliləyiş əldə olunsa da, bəzi çatışmazlıqlar hələ də aradan qalxmayıb: “Özəl kredit bürosu, daşınan girov reyestri və təminatlı əqdlərin təznimləyən qanunvericilik hələ tamamlanmalı və ya icra edilməlidir. Rəqabət Məcəlləsi hələ də qəbul edilməyib.

Dünyanın inkişaf etmiş ölkələrin əksəriyyətində KOS subyektləri iqtisadi artımın və məşğulluğun təmin edilməsində aparıcı mövqeyə malikdir.  Belə ki, Dünya Bankının məlumatlarına əsasən, inkişaf etmiş ölkələrdə KOS-un ÜDM və məşğulluqdakı payı müvafiq 50 və 60 faizdən yuxarıdır.

ABŞ və Avropa İttifaqı ölkələri kimi ölkələr KOS-un inkişafı hesabına əhəmiyyətli iqtisadi artıma nail olub. Belə ki, Avropa İttifaqına daxil olan ölkələrdə müəssisələrin 99 faizi kiçik və orta müəssisələr təşkil edir ki, bunların məşğulluqda və ÜDM-də payı 60 faizdən çoxdur.  2014-2015-ci illərdə Avropa İttifaqı ölkələrində gəlir kimi əldə olunmuş hər bir avronun 58 senti KOS subyektlərinin payına düşüb”.

“Azərbaycanda biznes mühitindəki bütün təkmilləşmələrə baxmayaraq, Azərbaycanda, xüsusən neft sektorundan kənarda kommersiya fəaliyyəti ilə məşğul olmaq çətin vəzifə olaraq qalır. Ölkənin neft qiymətləri və hasilat ilə bağlı məruz qaldığı sarsıntılar kontekstində hökumətin ən vacib prioretetlərindən biri iqtisadiyyatın şaxələndirilməsidir. Azərbaycan 2020: “Gələcəyə baxış” konsepsiyası 2012-ci ildə işıq üzü görüb və burada əsas diqqət qeyri-neft sektorunda rəqabət qabiliyyəti və ixracın artımı üzərində cəmlənib. Konsepsiyanın 2020-ci ilə qədər qeyri-neft sektorunda adambaşına düşən ixrac dövriyyəsini 1000 dollaradək artırmaq hədəfinin həyata keçirilməsi üçün əsas platforma kimi çıxış edə bilər. Biznes mühiti islahatlarından əlavə, hökumət infrastrukturun inkişafını, o cümlədən sənaye parklarının, zonalarının və texnoparkların təsis edilməsini diqqət mərkəzində saxlayıb”- İ.Hüseynli vurğulayır.

Vüsalə Rüstəmova

Gununsesi.info