Sitrus meyvəçiliyinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi - SƏRƏNCAM

  • By admin
  • 13 Fevral 2018 19:15

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Gununsesi.info-nun məlumatına görə, bu sərəncamla sitrus meyvəçiliyinin inkişafı, əhalinin sitrus məhsullarına tələbatının ödənilməsi, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinə hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görmələri tapşırılıb.

Kənd Təsərrüfatı Nazirliyinə isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Gununsesi.info