“Tərbiyəçilər anlayacaqlar ki, etmiş olduqları zorakılıq əməlləri…”

  • By admin
  • 14 İyun 2018 14:22

“Müəllimlik peşəsi şərəfli olduğu qədər də məsuliyyətlidir. Ona görə də bu məsuliyyəti bu peşənin daşıyıcıları hər zaman diqqətdə saxlamalıdırlar”
 Son zamanlar cəmiyyətimizdə müəllim və şagird münasibətlərində heç də arzuolunmaz hadisələrlə rastlaşırıq. Həm məktəblərimizdə, həm də uşaq bağçalarımızda müəllimlər tərəfindən uşaqlara qarşı kobud rəftarlar cəmiyyətimiz tərəfindən etirazla qarşılanır.
Uzun müddət müəllim işləyən deputat Fəzail Ağamalı Moderator.az-a açıqlamasında müəllimlərin bu davranışların əleyhinə olduğunu bildirdi:
“Uşaqlara qarşı zorakılıq yolverilməzdir. Ümumiyyətlə yaşından asılı olmayaraq insanlara qarşı zorakılığın əleyhinə olan bir insanam. Xüsusi olaraq uşaqlara və körpələrə qarşı təhsilin bütün pillələrində həm psixoloji, hən də fiziki zorakılığın qəti əleyhinəyəm və bunu yolverilməz hesab edirəm. İndi cəmiyyətimizdə bu kimi hadisələr çox etirazla qarşılanır. Bildiyiniz kimi uşaq bağçasında baş verən hadisə ictimailəşdirildi və cəmiyyətimiz buna öz etirazını bildirdi. Azərbaycanın hüquq-mühafizə orqanları bu hadisəyə lazımi reaksiya verdi. Mənə elə gəlir ki, bundan hər kəs nəticə çıxaracaqdır. Xüsusi olaraq tərbiyəçilər anlayacaqlar ki, onların etmiş olduğu zorakılıq əməlləri Azərbaycan qanunvericiliyi səviyyəsində öz hüquqi qiymətini alacaqdır. Bundan əvvəl də buna bənzər hadisələr olurdu və müvafiq qurumlar tərəfindən reaksiyalar verilirdi. Ona görə də hər kəs öz məsuliyyətini dərk etməlidir. Əlbətdə ki, təhsil sistemində çalışan insanlar peşəkarlıqla bərabər anlamalıdırlar ki, onlar azyaşlılarla işləyirlər. Müəllimlər daha çox təmkinli olmalıdırlar. Mən özüm uzun illər müəllim işləmişəm. Müəllimlik peşəsi şərəfli olduğu qədər də məsuliyyətlidir. Ona görə də bu məsuliyyəti bu peşənin daşıyıcıları hər zaman diqqətdə saxlamalıdırlar. Onların atmış olduğu addımlar uşaqlarımın psixologiyasına müsbət və mənfi şəkildə təsir edir. Mən arzu edərdim ki, bu münasibət uşaqlara qarşı pozitiv olsun və baş verən arzuolunmaz hadisələr bir daha təkrar olunmasın”.
F.Ağamalı bu məsələlərdə medianın da rolunu yüksək qiymətləndirib:
“Bu məsələlər kütləvi informasiya vasitələrində yayımlanır və jurnalistlərimiz bunu diqqətdə saxlayırlar. Jurnalistlərin cəmiyyətdə rolu çox böyükdür. Vətəndaş məmur münasibətlərində, sosial məsələlərdə, həm də cəmiyyətin ən müxtəlif sahələrində münasibətlərin tənzimlənməsində medianın rolu böyükdür və bunu yüksək qiymətləndirirəm. Lakin burda bir nüansa toxunmaq istəyirəm. Bütün məlumatlar obyektiv, dəqiq və qərəzsiz olmalıdır. Çünki dəqiqləşdirilməmiş informasiyalar  yayımlandıqdan sonra gec olur”.