“Dünən birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında süni intellekt və rəqəmsal inkişaf üzrə strateji istiqamətlər müzakirə edildi.
Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyaya əsasən ölkəmizdə qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsi müəyyən olunub.
Əsas hədəflərdən biri də məhz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir”.
Gununsesi.info bildirir ki, bu fikirləri deputat Vüqar Bayramov deyib:

“Əgər qlobal iqtisadi artım 3 faiz arasında dəyişdirsə süni intellekt tərəfindən yaradılan dəyərdə artım illik 20 faizdən çoxdur. Növbəti dekada bu sahədə 30 faizlik artım proqnozlaşdırılır. Bütün bunlar bir daha təsdiq edir ki, artıq rəqabət yalnız ənənəvi sektorlar deyil, həmçinin süni intellekt və rəqəmsal inkişaf üzrə aparılır. Bu kontekstdən Azərbaycanda həyata keçirilən sistemli tədbirlər bir tərəfdən bu sahədə daha çox dəyər yaratmaqla iqtisadi diversifikasiyanın sürtələnməsinə, digər tərəfdən isə iqtisadi artım innovativ sektorlar vasitəsi ilə dəstəklənməsinə imkan yaradacaq.
Yol xəritəsində əksini tapan vacib istiqamətlərdən biri də bu sahədə qanunverici bazanın daha da möhkəmləndirilməsidir. “Kraudfandinq” haqqında Qanun layihəsi artıq Milli Məclisə təqdim olunub. Bu layihənin qəbulu startaplar daxil olmaqla, kiçik və orta sahibkarların rəqəmsal maliyyə resurslarına çıxış imkanlarını artıracaq. Beynəlxalq təcrübə göstərir ki, süni intellekt və rəqəmsal inkişafda startaplar xüsusi töhfəyə və paya malikdirlər. Bu baxımdan, bu sahədə qanunverici bazanın güclənməsi kontekstində “Startaplara Dövlət Dəstəyi” haqqında Qanun layihəsinin hazırlanması və qəbulu məqsədəuyğun olardı. Bu startapların maliyyə resurslarına çıxış imkanlarını artırmaqla onların süni intellekt və rəqəmsal inkişafda rolunu daha da gücləndirərdi.
Bütün bunlar Azərbaycanı regional süni intellekt habına çevrilməsinə imkan verəcək. Davos Forumunun regional 4-cü sənaye inqilabı mərkəzinin qurulduğu ölkəmizdə süni intelektin inkişafı dövlət siyasətində əsas prioritetlərdəndir. Azərbaycanın süni intellekt və rəqəmsallaşmada regional drayver dövlətə çevrilməsi iqtisadiyyatın şaxələndirilməsinə xüsusi təkan verəcək. Bu ekosisteminin keyfiyyətcə daha yenilənməsi üçün xüsusi baza formalaşdırır. Azərbaycanda rəqəmsal iqtisadiyyatın həcminə gəldikdə isə, qeyri-neft ümumi daxili məhsulunun 2,8 %-i informasiya kommunikasiya texnologiyası sektorunun payına düşür. Bu o deməkdir ki, Azərbaycanda rəqəmsal sektorun həcmi 3,3 milyard manatdır. Yeni anlaşmalar bu payın daha da artırılması üçün yeni imkanlar deməkdir”.
Şəbnəm











