“Palma yağının zərərli, ya faydalı olması ilə bağlı illərdir müzakirələr davam edir. Amma palma yağı ətrafında yaranan mübahisələr çox vaxt elmi faktların deyil, emosional mövqelərin üzərində qurulur”.
Bu fikirləri Gununsesi.info -ya açıqlamasında qida mütəxəssisi Asim Vəliyev deyib:

“Palma yağı Malayziya, İndoneziya və digər tropik ölkələrdə yetişən yağ palması ağacının meyvəsindən əldə edilir. Palma yağı ucuz xammal olduğu üçün bütün dünyada tələbat çoxdur. Xüsusilə də qida sənayesində geniş istifadə olunur. Biz də dünyanın bir parçası olduğumuz üçün son illər Azərbaycan bazarında palma yağına tələbatın artması normaldır. İdxalın əsas səbəbi ucuz olması, uzun saxlanma müddəti və qida sənayesində texnoloji üstünlükləri ilə bağlıdır. Beynəlxalq təşkilatlar tərəfindən rəsmi olaraq tanınır. Xüsusilə də qida sənayesin geniş istifadə olunur. Amma hər yağ eyni deyil. Burada diqqət etməli olduğumuz məqam odur ki, palma yağının tərkibinin təxminən yarısı doymuş yağ turşularından ibarətdir. Bu göstərici zeytun, günəbaxan və kanola yağı ilə müqayisədə xeyli yüksəkdir. Üstəlik biz palma yağını təbii şəkildə yox, emal edərək qidaların tərkibində qəbul edirik. Doymuş yağların həddindən artıq və uzunmüddətli istehlakı qanda pis xolesterol səviyyəsinin yüksəlməsinə, bununla da ürək-damar xəstəlikləri riskinin artmasına gətirib çıxara bilər.
Bu hal yalnız palma yağına xas bir təhlükə deyil. Ümumilikdə doymuş yağla zəngin bütün məhsullara aid olan qidalanma prinsipidir. Avropa Qida Təhlükəsizliyi Agentliyinin araşdırmalarına görə bitki yağları, o cümlədən palma yağı 200 dərəcədən yuxarı yüksək temperaturda emal edildikdə, tərkibində insan sağlamlığı üçün zərərli ola biləcək və xərçəng riskini artıra bilən maddələr əmələ gələ bilər. Diqqət edəcəyimiz məqam budur. Düzgün standartlara uyğun rafinasiya edilmiş yağda bu risklər minimuma endirilir. Palma yağındakı yüksək doymuş yağ tərkibinə görə gündəlik istifadə üçün düzgün seçim deyil. Sadəcə bir alternativ ola bilər. Qidalardakı palma yağı təbii vəziyyətdəki palma yağı deyil. O, yüksək temperaturda emal olunur, digər komponentlərlə birlikdə istifadə olunur və nəticədə yağın özü də, bütün qida da dəyişir.
Bəzən qidaların etiketində bitki yağları yazıla bilər. Palma yağı xüsusi göstərilməyə bilər. Bir porsiyada kiçik miqdar görünsə də, gündəlik birdən çox emal olunmuş qida istehlak edildikdə təsir gücü artır. Uşaqlar və gənclər emal olunmuş qidalara daha çox meyllidirlər. Palma yağı qəbulu onlarda daha yüksək ola bilər.
Bir daha qeyd edim ki, emal olunmuş qidalardakı palma yağı ilə təbii palma yağı eyni deyil. Emal prosesi yağın kimyəvi tərkibini və bütövlükdə qidanın sağlamlıq profilini dəyişir. Yuxarıda da qeyd etdiyim kimi etiketdə bitki yağı adı ilə palma yağı qatıla bilər. Məcbur deyiliksə, bu yağın istifadəsini minumuma endirmək ən yaxşı seçim olar”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli palma yağı ilə bağlı ictimaiyyətdə yanlış təsəvvürlərin formalaşdığını bildirib.
O qeyd edib ki, cəmiyyətdə palma yağının digər bitki yağları ilə müqayisədə daha təhlükəli olması barədə fikir yayılıb, lakin bu yanaşma doğru deyil.
Şəbnəm Rəhimova











