Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı - “Yoldaşım yun yorğana üstünlük verir”

Araz Ağalarovun 27 yaşlı həyat yoldaşı Alena Ağalarova “VOICE” nəşrinə müsahibə verib.

Gununsesi.info xəbər verir ki, o, müsahibəsində öz biznesi olan “TISSAGIO” brendi barədə danışıb.

“Ev tekstili brendi yaratmaq ideyası şəxsi ehtiyacdan yarandı. Mən toxunuşlara qarşı çox həssas biriyəm, ona görə də yataq dəsti seçimi mənim üçün hər zaman son dərəcə vacib olub. Səyahətdə olarkən əgər parça xoşuma gəlmirdisə, sözün əsl mənasında bütün həftəni pis yatırdım. Bir məqamda iş o yerə çatdı ki, evdən öz yataq dəstimi özümlə daşımağa başladım. Bununla belə, alış-verişə hər zaman çox rasional yanaşıram. Lakin ev tekstili ilə bağlı bir paradoksla qarşılaşdım: münasib qiymətə olan hər şey bir neçə yuyulmadan sonra xarici görkəmini itirir və ya toxunarkən xoşagəlməz hala gəlirdi. Bəzilərinin rəngi qaçır, bəziləri isə tüklənirdi. Çox böyük məbləğlərə alınan dəstlər isə illər keçdikcə daha da yumşalır və keyfiyyəti yaxşılaşırdı. Həmin vaxt mən qiymət və keyfiyyət nisbətinə görə özümə uyğun bir alternativ tapa bilmədim. Və bunu özüm yaratmağa qərar verdim – həqiqətən premium keyfiyyəti daha əlçatan edəcək bir brend”, – deyə o qeyd edib.

Alena jurnalistin evinizdə brendin məhsullarından hər hansı biri varmı sualına isə belə cavab verib:

“Bu gün evimizdəki tekstil məhsullarının demək olar ki, hamısı “TISSAGIO” brendinə məxsusdur. Hər bir məhsulu ilk növbədə öz ailəmdə sınaqdan keçirirəm. Məsələn, yataq dəstlərimizdən artıq il yarımdır istifadə edirik; hər biri saysız-hesabsız yuyulmaya baxmayaraq, hələ də ilk günkü kimi yeni görünür. Yorğan seçimimiz də müxtəlifdir: bəzən qu tükü, bəzən də yun yorğanlardan istifadə edirik. Yeri gəlmişkən, həyat yoldaşım uşaqlıqdan alışdığı üçün yun yorğana üstünlük verir və onun bir çox üstünlükləri var. Böyük oğlumuz isə bambuk materialı seçib. Yastıqdan tutmuş dəsmal və yorğanlara qədər hər şeyi özümüz istifadə edirik. Beləliklə, hər bir məhsul haqqında təkcə brendin təsisçisi kimi deyil, həm də sıravi bir istehlakçı kimi tam əminliklə danışa bilərəm”.

 

Gununsesi.info