Tanınmış jurnalist xəstəxanada qarşılaşdığı münasibətdən yazdı

  • By admin
  • 22 Avqust 2022 13:57

Xalid Vahidoğlu: “İcbari tibbi sığorta ilə bütün ölkə üzrə cəmi 1 xəstaxanaya göndəriş verilir, orada da həkimin məzuniyyətdən dönməsini gözləməliyik”.

Tanınmış jurnalist Xalid Vahidoğlu İcbari Tibbi Sığorta ilə müayinə olunmaq istəsə də, çıxılmaz bir durumla qarşılaşıb. Bu barədə jurnalist özünün “Facebook” səhifəsində yazıb. Həmin yazını olduğu kimi oxuculara təqdim edirik:

Bəlkə də bir qədər uzun alınacaq yazdıqlarım, amma vəziyyəti tam təsvir etmək istəyirəm: Azərbaycanda İcbari Tibbi Sığorta tətbiq olunduğu zamandan iki mənbədən icbari tibbi sığorta ödəyicisiyəm. İndiyədək iki dəfə TƏBİB-dən tibbi xidmət almaq üçün müraciət etmişəm. Heç birində də nəinki normal tibbi xidmət, ümumiyyətlə xidmət göstərilməyib. Əgər sığorta ödəyicisi kimi sonda özəl xəstəxanadan tibbi xidmət alacağamsa, icbari tibbi sığortanın (İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi) nəyə yaradığına TƏBİB bir aydınlıq gətirsə, sevinərdim.

Demək, bu il 25 iyul 2022-ci ildə sol qulağımda ağrı hiss etdim. Bir gün sonra ağrı azalmadı və üstəlik eşitməm qismən zəiflədi. 27 iyul 2022-ci ildə müvəqqəti qeydiyyatda olduğum Binəqədi rayonu 15 saylı Poliklinikaya yollandım. Həkim qulağımı müayinə etdi və heç nə olmadığını bildirdi. Amma qulağımda ağrı azalmadı, getdikcə hiss edirdim ki, sanki qulağımda milçək vızıldayır. Qulağımda eşitmə hər gün daha çox zəiflədiyindən 04 avqust 2022-ci ildə təkrar 15 saylı poliklinikaya yollandım və xahiş etdim ki, daxili qulağın müayinəsinin aparılması üçün mənə özəl xəstəxanalardan birinə göndəriş versinlər. Amma bildirdilər ki, onların yalnız “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi”nə göndəriş verə bilərlər. Göndəriş alıb 05 avqust 2022-ci ildə yollandım “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi”nə. Burada da həkimin qəbulunda təxminən 2 saat gözləyəndən sonra qulağımı müayinə etdi. Qulaqda ağrıya və eşitmə zəifliyinə səbəb olacaq hər hansı problem olmadığını bildirdi. Amma diaqnozun dəqiqləşdirilməsi üçün mən’ A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndəriş verəcəyini bildirdi. Həkimdən qulağın daxili müayinəsi üçün özəl klinikaya göndəriş verilməsini xahiş etdim. Həkim onların yalnız dövlət xəstəxanasına göndəriş vermək hüququ olduğunu qeyd etdi. Həmin klinikada İcbari Tibbi Sığortaya məsul Elçin həkimlə telefon danışığım da nəticə vermədi. Mənə A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndəriş yazılması üçün sənədlər TƏBİB-in sisteminə daxil edildi və bildirdilər ki, sabah gəlib göndərişi götürüm. Növbəti iki gün şənbə-bazar olduğundan 08 avqust 2022-ci ildə “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi”nə getdim. Qeydiyyat şöbəsində əvvəlcə göndərişin Baş həkimin otağında olduğunu bildirdilər. Bir qədər sonra isə Tibbi kartımın üzərinə yapışdırılmış bir qırmızı kağızla qayıtdılar. Həmin kağızdakı qeyddə yazılmışdı: “Həkim məzuniyyətdə olduğu üçün göndərişdən imtina edilir”.

Bundan sonra dəfələrlə 1542 “Qaynar xətt”inə zəng etdim və nəhayət, Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinin Baş həkimi ilə görüşə bildim. Rafiq müəllim məni çox yaxşı qarşılayıb müayinə üçün özəl klinikaların birinə göndəriş verilməsinə xeyli cəhd etdi. Amma bu alınmayanda mənim israrlı xahişimlə göndərişdən imtina ilə bağlı Arayış verildi.
Daha sonra 1542 “Qaynar xətt”dən verilən tövsiyəyə uyğun yollandım A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına. Orada İcbari Tibbi Sığortaya cavabdeh Aysel xanımla görüşdüm. Aysel xanım da TƏBİB-in səlahiyyətli şəxsi ilə telefonla əlaqə yaratdı, amma qulağın daxili müayinəsi üçün mənə özəl klinikaya göndəriş verilməsi mümkün olmadı. Bildirildi ki, vətəndaşa o zaman özəl xəstəxanaya göndəriş verilir ki, bu xidmət dövlət xəstəxanasında olmasın. Respublika üzrə qulağın audimetriyası isə yalnız Respublika Eşitmə Mərkəzində aparılır. Respublika Eşitmə Mərkəzinin hər iki həkimi məzuniyyətdə olduğu üçün və bu müayinə planlı müayinə olduğu üçün pasient HƏKİMLƏRİN MƏZUNİYYƏTDƏN qayıtmasını gözləməlidir. Mən həkimlərin nə zaman məzuniyyətdən qayıdacağı və mən müayinəyə nə zaman gələ biləcəyimlə bağlı rəsmi sənəd istəsəm də, Aysel xanım belə sənədi verə bilməyəcəyini dedi. Təkrar 1542 “Qaynar xətt”inə HƏKİMLƏRİN MƏZUNİYYƏTDƏN qayıdacağı vaxtı göstərən sənəd almaq istədiyimi bildirəndə isə araşdırıb gün ərzində cavab verəcəklərini dedilər. Amma bugünədək həmin cavab gəlməyib.
A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında qulağın daxili müayinəsini aparmaq üçün müvafiq avadanlıqların olması ilə maraqlandım və qeydiyyat şöbəsindən bildirdilər ki, LOR həkimlər belə müayinəni aparır. Artıq naharadək vaxt itirmişdim Respublika Klinik Xəstəxanasında və mənə qeydiyyat şöbəsindən Yusifova Fidan Yusif qızının qəbuluna göndəriş verdilər. 8 avqust tarixində 12:44-də mənə növbə veriləndə 46-cı adam idim. Günün sonunadək mənim müayinə üçün növbəm çatmadığından mənə 9 avqust 2022-ci ildə saat 9-da gəlməyi bildirdilər. 9 avqust 2022-ci il saat 07:30-da xəstəxanada oldum ki, növbədə ilk şəxslərdən olum. Əvvəlki gün verilən çekin tarixini dəyişdilər və Yusifova Fidan Yusif qızının qəbuluna gedəcək 1-ci şəxs oldum. Fidan həkim isə qəbul otağına saat 10-da gəldi və növbə gözləmədən növbədə 3-cü olan şəxsi qəbul etdi. Mən Fidan həkimə növbədə 1-ci olduğumu bildərən məni onun yanına kimin göndərdiyini soruşdu. Bildirdim ki, məni dünən qeydiyyatdan onun qəbuluna yazıblar. Həkim bu gün növbətçi olmadığını, məni MÜAYİNƏ ETMƏYƏCƏYİNİ və gedib həkim müayinəsi çekini digər həkimin adına dəyişməyi bildirdi. Təkrar qeydiyyat şöbəsinə getdim, onlar isə bildirdi ki, mənim adım sistemdə Fidan həkimin müayinəsi üçün yazıldığından 21 GÜN bunu dəyişilə bilməz və məni Fidan həkim müayinə etməlidir. Təkrar Fidan xanımın yanına qayıtdım və məni müayinə etməsini xahiş etdim. Həkim növbətçi olmadığından yalnız öz xəstələrini qəbul edəcəyin bildirib sağollaşdı.

Bundan sonra Respublika Klinik Xəstəxanasında vaxt itirməyin əbəs olduğunu görüb, yollandım LOR Hospitala. Həkim müayinəsi üçün 45 manat ödədim və xəstəxanaya çatandan 15 dəqiqə sonra Asif həkim qulağımı müayinə etdi. Məlum oldu ki, sol qulağımda göbələk var. Həkim “Exzodetrin” adlı dərman yazdı və 5 gün müddətində gündə 3 dəfə qulağa damızdırmağı məsləhət gördü. Dərmanın qiyməti isə aptekdə 9 manat idi. Həmin dərmandan istifadə edəndən 2 gün sonra qulağımdakı ağrılar kəsdi, 5 gün sonra isə qulağımda eşitmə bərpa olundu.
P.S. TƏBİB-in həkimin məzuniyyətdən qayıtmasını gözləməklə bağlı imtinasından sonra bu mənim üçün İcbari Tibbi Sığortanın necə işləməsini öyrənmək üçün bir sınaq idi. Odur ki sonadək getdim: Hər həkimin qəbulunda sağalmaq ümidi ilə saatlarla növbə gözləyən onlarla insan gördüm. İcbari Tibbi Sığortadan isə mənə qalan 13 günlük vaxt itkisi oldu.

P.S. Ötən il COVİD-ə yoluxanda da TƏBİB-dən eyni münasibəti gördüm və hazırda məhkəmə çəkisməsindəyik.

Gununsesi.info