
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Havay ştatının paytaxtı Honolulu şəhərində “Telefondan istifadə edən piyadaya pul cəriməsi” qanun layihəsi qəbul edilib. Bu, son zamanlar ağıllı telefonlara olan asılılığın aradan qaldırılması istiqamətində atılan addımlardan biridir.
Bununla da honolulular dünyada bir ilkə imza atıblar. Belə ki, Honoluluda yolu keçərkən telefondan istifadə edən piyadalar cərimələnəcəklər. Qəbul olunan yeni qanun layihəsinə görə, həmin piyadalara 75-99 ABŞ dolları məbləğində pul cəriməsi tətbiq ediləcək.
ABŞ Milli Təhlükəsizlik Şurasının yaydığı bəyanata əsasən, 2000-ci və 2011-ci illərdə 11 min 100-dən artıq adam yolu keçərkən yaralanıb. Yaralananların böyük bir qismi yolu telefondan istifadə edərək keçənlərdir.
Xatırladaq ki, Bakı ilə Honolulu uzun illərdən bəri qardaşlaşmış şəhərlərdir.
Gununsesi.info












