Tezliklə Qarabağla bağlı görmədiyimiz prosesin şahidi olacağıq - millət vəkili

  • By admin
  • 01 İyul 2016 12:34

elman

 

Biz yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 20 il ərzində görmədiyimiz proseslərin şahidi ola bilərik. Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Elman Nəsirov son dövrlərdə Qarabağ ətrafında gedən danışıqlar prosesini şərh edərkən deyib.

Onun sözlərinə görə, artıq bu tendensiyaların işartıları göz qabağındadır: “Sadəcə danışıqlar konfedensial aparıldığından ictimaiyyətə geniş məlumat verilmir. Amma bunu çox gizli saxlamaq da mümkün olmayacaq və danışıqlar prosesinin müəyyən mərhələsində detallar barədə məlumat veriləcək.”

Millət vəkili onu da əlavə etdi ki, burada erməni cəmiyyətində də ajiotaj yaratmamaq üçün danışıqlar prosesinin detalları barədə açıqlama verilmir. “Əgər danışıqlar prosesinin detalları açıqlanarsa Ermənistanda ciddi ajiotaj yaranar və oradakı hadisələr sülh prosesinə mane ola bilər”, – deyə millət vəkili vurğulayıb.

Ermənistan-Azərbaycan  münaqişəsinin həlli istiqamətində son dövrlərdə dinamikanın olduğuna diqqət çəkən E. Nəsirov deyib ki, artıq ATƏT MQ həmsdər ölkələri son günlərdə demək olar gündəlik olaraq Qarabağ münaqişəsi ətrafında ciddi müzakirələr aparırlar. “İyunun 30-da Putin Fransa prezidenti Fransua Ollandla Qarabağ məsələsini müzakirə edib. Bunun ardınca ABŞ Dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə telefonda bu məsələni müzakirə ediblər. Növbəti həftə Rusiya XİN başçısı Sergey Lavrov bölgəyə səfər edəcək və səfər çərçivəsində Bakıda da olacaq. Çox güman ki, bu səfər zamanı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi məsələsi müzakirə olunacaq. Növbəti görüşün isə Parisdə keçirilməsi ətrafında müzakirələr gedir.

Bütün bunlar göstərir ki, “dördgünlük” aprel döyüşləri Qarabağ münaqişəsinin həllinə keyfiyyət baxımından yeni məzmun verib. Ona görə də istisna deyil ki, növbəti görüşlərdə Qarabağ münaqişəsinin həlli ilə bağlı çərçivə sənədi üzərində işlərin başlanması üçün ciddi addımlar atılsın. Yəni biz Qarabağ münaqişəsi ilə bağlı son 20 ildə görmədiyimiz proseslərin şahidi olaq. Artıq bunun işartıları da göz önündədir”, – E.Nəsirov vurğulayıb.

Rusiyanın münaqişənin həllində göstərdiyi aktivliyin arxasında dayanan maraqları barədə mövqeyini barədə danşan millət vəkili bildirdi ki, bütün məsələlərdə olduğu kimi Rusiyanın Ermənistan-Azərbaycan arasındakı münaqişənin həllində də öz maraqlarını hər şeydən üstün tutur: “Rusiya bu yolla bölgədə mövqeyini qoruyub saxlayaraq, digər beynəlxalq oyunçuları bölgəyə buraxmamaq istəyir. Rusiya onun fərqindədir ki, proses uzanması onun xeyrinə deyil. Münaqişənin həllinin uzanması proseslərin başqa məcrada inkişafına təkan verə bilər. Nəticədə Rusiya bölgədə Azərbaycan kimi əhəmiyyətli ölkəni itirə bilər.

Digər bir məqam isə ondan ibarətdir ki, Rusiya münaqişəni həll etməklə Azərbaycanı öz layihələrinə cəlb etmək istəyir.” Millət vəkili sonda bildirdi ki, Azərbaycan da prinsipcə bunun əleyhinə deyil, təki işğal faktı aradan qalxsın. “Azərbaycan beynəlxalq inteqrasiyaların əleyhinə deyil, bircə torpaqları işğaldan azad edilsin. İndi hər şey qarşı tərəflərdən asılıdır”, – deyə E. Nəsirov qeyd etdi.

 

İlqar

 

Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə bildirdi ki, indidki danışıqlar masasında Rusiyanın təklifləri müzakirə olunur. “Rusiyanın təklifləri Azərbaycanın istədiyi kimi mərhələli həll planının tərkib hissəsidir. Yəni Qarabağ ətrafındakı rayonların işğaldan azad edilməsi, Ermənistana qarşı blokadanın aradan qaldırılması və kommunikasiyaların bərpa edilməsi, sonda isə Qarabağın statusunun müəyyən edilməsi. Təbii ki, bu təkliflər digər ATƏT MQ həmsədr ölkələri ilə müzakirə edilib razılaşdırılır”, – politoloq vurğulayıb.

Rusiyanın prosesdə göstəridiyi aktivlik məsələsinə toxunan İ.Vəlizadə deyib ki, Moskvanın öz maraqları var və onu diqtə etməyə çalışır. “Bunlar Qarabağda daha çox Rusiya sülhməramlılarının yerləşdirilməsi və Azərbaycanı Rusiyanın inteqrasiya layihələrinə cəlb etməkdir. Ancaq bu barədə hələ ki, danışmaq tezdir. Çünki ortada real nəticə yoxdur”, – deyə politoloq qeyd edib.

 

Mürtəza Bunyadlı