“Ulduz idmançı” indi də ulduz səfir oldu

  • By admin
  • 09 İyul 2016 12:24

siaphoto_480878

 

Bakı Şahmat Olimpiadasının növbəti ulduz səfirinin adı məlum olub.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, bu, sərbəst güləş üzrə Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovdur. İdmançıya xüsusi sertifikatı Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin icraçı direktoru Murad İskəndərli təqdim edib.

Bununla bağlı təəsüratlarını bölüşən Bakı Şahmat Olimpiadasının ulduz səfiri Fərid Mansurov deyib: “Ulduz səfir olmaq məsuliyyətli və şərəfli işdir. Diqqətə görə Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinə təşəkkür edirəm. Şahmata marağım hər zaman olub. Uşaqlıq illərindən şahmat oynamağı öyrənmişəm. Evdə vaxt olanda atam və ya qardaşımla şahmat taxtası arxasında mübarizə aparmağa imkan tapırıq. Bakı Şahmat Olimpiadası kimi mötəbər yarışın paytaxtımızda keçirilməsi sevindirici haldır. Ulduz səfir kimi mötəbər yarışın təbliğində yaxından iştirak etməyə çalışıram. Olimpiadada 3000-ə yaxın idmançının iştirak etməsi yarışın güclü rəqabət şəraitində keçəcəyini göstərir. İnanıram ki, Bakı Şahmat Olimpiadası yüksək səviyyədə təşkil olunacaq. Eyni zamanda, Azərbaycan şahmatçılarına uğurlar arzulayıram. Biz onlara inanırıq. Əminəm ki, komandamız olimpiadada layiqincə çıxış edəcək”.

Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış “Baku Crystal Hall”da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FIDE konqresinin növbəti iclası olacaq.

Gununsesi.info