
Xanhüseyn Kazımlı susur
Millət vəkillərindən Xanhüseyn Kazımlı və Rəfael Cəbrayılovun əmlakına həbs qoyulub. Gununsesi.info-nun məlumatına görə, sözügedən millət vəkillərinin banka külli miqdarda borcu var, onların bankda girov olan əmlakı satışa çıxarılıb. Məlumatı dəqiqləşdirmək üçün millət vəkili Xanhüseyn Kazımlı ilə əlaqə saxladıq. X.Kazımlı xəbəri nə təsdiq, nə də təkzib edib: “Hazırda yanımda toplantı var. Bu səbəbdən də danışa bilmirəm, bu haqda sizi məlumatlandıracam”-, deyə o bildirib. Xatırladaq ki, gununsesi.info-nun “Deputatların əmlakına həbs qoyuldu -“Beynəlxalq Bank” olayı təkrarlanır” sərlövhəli informasiyada bildirlir ki, Azərbaycanda depozit portfelinin həcminə görə, ölkənin ikinci bankı olan “Bank Standart”da ciddi problemlər yaranıb. Bank həm xarici kreditorlar, həm də əmanətçilər qarşısında öhdəliklərini icra edə bilmir. Bankın əksər flialları bağlanıb, kartlar üzrə əməliyyatlar dayandırılıb, kredit verilişi tamamilə mədudlaşdırılıb. Bank işçilərinin əmək haqqları da son aylarda gecikdirilib və ya bir qismi, ümumiyyətlə, ödənilməyib. ”Bank Standart” aylardır ki, depozit sahiblərinə ödənişlər edə bilmir və bu səbəbdən əmanətçilərin ciddi təzyiqi ilə üzləşib. Vətəndaşlar əmanətlərini geri almaq üçün hər gün bankın əsas binasının qarşısına toplaşırlar. “Bank Standart” qaytarılmayan kreditlərin həcminə görə də banklar arasında “lider” mövqelərdən birini tutur. Qeyd edək ki, banka borcu olan yürsək vəzfə sahibləri, iş adamları ilə danışıqlar aparılır. Əgər yaxın müddətdə onlar borclarını ödəməsə, ölkədə Beynəlxaq Bank ətərafında cərəyan etmiş hadisələr təkrarlana bilər. Yəni, “Bank Standart” dövlətin nəzarətinə keçdikdən sonra borclu müştərilərin həbsinə start veriləcək. Xatırladaq ki, Beynəlxalq Bankdan kredit götürmüş yüzlərlə şəxs həbs olundu və onlara qarşı cinayət işi açıldı. Dünən maliyyə naziri Samir Şərifov mətbuata açıqlamasında bildirdi ki, bu yolla bankın 400 milyon manat kreditinin geri qaytarılması təmin olunub.
Gülnaz Qənbərli