XİN şərh verməkdən imtina etdi…

  • By admin
  • 11 İyul 2016 12:47

xin

 

Azərbaycanın Avropa Şurasındakı sabiq səfiri Arif Məmmədovun sosial şəbəkədən keçmiş həmkarlarını peşə bayramı münasibəti ilə özünəməxsus təbrik etməsi birmənalı qarşılanmayıb.

Gununsesi.info-nun məlumatına görə, belə ki, A.Məmmədov diplomatların peşə bayramının dövlət səviyyəsində qeyd edilməməsini Binəqədi yanğınından sonra diplomatların ona dəstək verməsiylə əlaqələndirib. Belə ki, A.Məmmədov diplomatların peşə bayramlarının dövlət səviyyəsində qeyd edilməməsini hakimiyyətin diplomatları cəzalandırması kimi qələmə verib. Höküməti tənqid edən A.Məmmədov bildirib ki, Azərbaycan hakimiyyətinin məqsədi diplomatların savad və biliklərindən istifadə edib, beynəlxalq səviyyədə uğurlar qazanmaq deyil, onları bu sistemin qulu etməkdir. Sabiq diplomat iddia edir ki, hər bir səfirlikdə hakimiyyət diplomatlara nəzarət etmək üçün çoxlu DTX zabitlərini yerləşdirir.

Müstəqil ekspert, Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı İlham İsmayıl A. Məmmədovun çıxışını Gununsesi.info-ya şərh edərkən bildirib ki, diplomatik korpuslarda DTX əməkdaşlarının yerləşdirilməsi təzə xəbər deyil. Onun sözlərinə görə, sabiq diplomatın bu cür fikirlər səsləndirməsi qeyri-ciddi və hay-küydən başqa bir şey deyil: “MTN (DTX) əməkdaşlarının ən azı bir nəfərinin diplomatik korpuslarda yerləşdirilməsi onların təhlükəsizliyi üçün qəbul olunan haldır. Bu, təkcə Azərbaycanın diplomatik korpuslarında deyil, istənilən ölkənin səfirliklərində də belədir. SSRİ dövründə də beləydi, indi də. Əgər, bu halın xüsusi olaraq, hakimiyyətin diplomatları cəzalandırılması kimi qələmə verirlərsə, yanlış fikirdir. Yəni, bu hal istənilən ölkınin diplomatik korpusunda belədir, olub, var və olacaq. Bu, gülünc fikirdir. Əslində, diplomatik korpuslarda DTK əməkdaşlarının yerləşdirilməsi, diplomatlara nəzarət məqsədiylə yox, əksinə, onların təhlükəsizliyini təmin etmək üçündür. Arif Məmmədovun şərhini oxudum, “əməkdaşlarıyla doldurub” deyəndə də belə çıxır ki, bir yox, bir neçə əməkdaşdan söhbət gedir. Məndə belə fakt yoxdur ki, səfirliklərdə bir yox, bir neçə DTX əməkdaşı yerləşdirilir. Hesab edirəm ki, DTX-nın rəsmi nümayəndəsinin diplomatik korpuslarda yerləşdirilməsi vacib məsələdir. Çünki, həmin şəxs birbaşa diplomatların fiziki təhlükəsizliyi baxımından cavadeh adamdır”.

XİN isə A. Məmmədovun fikirlərinə münasibət bildirmək istəməyib: “Şərh vermirik”.

 

xin-1

 

Gülnaz Qənbərli