Yasamalda 2 mindən çox obyekt söküləcək - QƏRAR

  • By admin
  • 20 Fevral 2018 09:30

Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” qərar verib.

Gununsesi.info Trend-ə istinadən bildirir ki, qərar Baş nazirin müavini Abid Şərifov tərəfindən imzalanıb.

Qərarda bildirilir: “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilsin.

Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılsın ki, bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etsin”.

Gununsesi.info