“Noyabrın 5-i səhər tezdən sakitlik idi. Daşaltını azad edəndən sonra tapşırığımız Şuşadan Xankəndi istiqamətinə yolu bağlamaq idi. Birdən ermənilər Şuşakənd-Daşaltı, Şuşa-Daşaltı, Keybalı-Daşaltı və Laçın tərəfdən Daşaltıya yenidən əks-hücuma başladılar. Düşmənin təxminən 4 tabora yaxın qüvvəsi ilə 6 saat gərgin döyüş getdi. Hər tərəfdən bizi güclü atəşə tutdular, yalnız Daşaltıya gəldiyimiz arxa səmt açıqdır. Bu zaman əsgərlərimizdən biri arxadan rabitə ilə xəbər verdi ki, ermənilər meşənin və çayın içi ilə kəndə doğru irəliləyirlər. Bu o demək idi ki, biz Daşaltıda mühasirəyə düşə bilərik. Dərhal qabaqlayıcı tədbirlər gördük və Vətən Müharibəsi Qəhrəmanı kapitan Ramazan Hudulova iki saat müddətində 13 nəfərlik qrupla Laçından gələn yolu bağlamağı əmr etdim. Bir qədər rahat oldum ki, sol tərəfdən düşmənin yolu bağlanıb”.
Bunu “Azərbaycan” qəzetinə müsahibəsində polkovnik Tehran Mənsimov deyib.
O bildirib ki, həmin gün ermənilər bütün iriçaplı silahlardan – minaatanlardan, “Qrad” qurğusundan, “Şilka”dan Daşaltını atəşə tutaraq dəfələrlə hücuma keçiblər.
“Lakin tabeçiliyimdə olan şəxsi heyət bir addım da geri çəkilmədi və qəhrəmancasına kəndi saxladılar. Onlardan 67 nəfər şəhid oldu, 120 nəfər yaralandı.
Bu döyüşdə nə qədər erməni məhv etdiyimizi dəqiq bilmədik, çünki bütün ətraf yüzlərlə erməni cəsədi ilə dolu idi.
Artıq Xankəndi-Şuşa, Laçın-Şuşa yollarını bağlamış, düşmənin hərəkətini tam dayandırmışdıq. Şimal-qərbdən Şuşa hüdudlarına daxil olmuşduq.
Rəhbərlik etdiyim bölmələrimlə noyabrın 5-dən 6-na keçən gecə Laçın yolunu keçərək Keybalı yaşayış məntəqəsi tərəfdən Şuşa ətrafındakı meşəyə daxil olduq. İsa bulağı tərəfdən dolayı yollarla gəlib Xankəndi yolunda digər istiqamətdən polkovnik Fuad Qasımovun rəhbərliyi ilə hücum edən Xüsusi Təyinatlı Qüvvələrimizlə birləşdik. Burada ermənilərin əks-hücumlarını dəf etdik, 18 şəhidimiz oldu. Artıq tabeçiliyimdə 94 nəfər qalmışdı.
Güclü yağış başladı. Hamımız yorğun idik, şəxsən mən 4 gün idi yatmırdım. Qəfil məlumat gəldi ki, Şuşa, Şuşakənd, Xankəndi, Muxtarkənd tərəfdən ermənilər yenidən əks-hücuma keçdilər. Qabaqda gələn iki erməni tankını məhv etdik və döyüş başladı. Yuxarı komandanlığın tapşırığı ilə polkovnik Fuad Qasımovla bir yerdə qərar qəbul etdik ki, artıq Şuşaya daxil olmağın vaxtıdır. Tabeliyimdə olan 94 nəfərdən bir hissəsini meşədə saxladım ki, Keybalılar tərəfdən hücumun qarşısını alsınlar”, – deyə o əlavə edib.
Tehran Mənsimov “N” saylı motoatıcı hərbi hissənin komandiri polkovnik Vilayət Quliyevə deyib ki, tanklar hazır olsun və Daşaltı tərəfdən Şuşaya girəcəklər.
Bundan sonra iki tankı da Laçından gələn yola çıxarmağı tapşırıb.
“Şəxsi heyətlə qayalıqlarla Şuşaya tərəf hərəkət etməyə başladıq. Qayalıqlarla dırmandıq, yaxın məsafədən qarşımızda mövqe tutan erməniləri məhv etdik.
Artıq döyüş ən yaxın məsafədə gedirdi. Düşmənlə ən uzaq məsafəmiz 10 metrdən çox deyildi və həm də artıq elə bir vəziyyət yaranmışdı ki, əlbəyaxa döyüşürdük. Çünki silahı doldurmağa vaxtımız yox idi. Başımız üstündə pilotsuz uçan aparatları, hər addımbaşı aramsız artilleriya zərbələri, minaatanlardan mərmilər… Belə çətin şəraitdə düşmənlə ancaq yüngül silahlarla döyüşürdük.
Özü də düşmən hündürlükdə və 28 il möhkəmləndirdiyi güclü bir hərbi mövqedə idi. Bizim isə hər addımımız ermənilərin müşahidə və atış hədəfində idi. Onu da nəzərə alaq ki, ehtiyat şəxsi heyətimiz və texnikamız 16 km arxada idi. Hər addımda erməni tələsi, mühasirə cəhdi, aldadıcı həmlələri vardı.
Cənab Prezident çıxışlarında bu barədə dəfələrlə danışıb, həqiqətən Şuşa uğrunda döyüşün hərb tarixində analoqu yoxdur. Bütün şəxsi heyət aslanlar kimi döyüşürdü, qorxu, həyəcan bizə tamamilə yad idi, çünki bilirdik nəyin uğrunda döyüşürük. Bilirdik ki, Şuşanın azad edilməsi müharibənin gedişində ən böyük dönüş nöqtəsi olacaq və düşmənin beli tam qırılacaq. Ali Baş Komandanımızın ifadə etdiyi kimi, Şuşasız bizim işimiz yarımçıq olardı. Bütün xalq və Ali Baş Komandan Şuşanın azad edilməsini gözləyirdi və biz bu inamı və etimadı mütləq doğrultmalıydıq.
Ermənilər şəhərə hücumu Qırmızıbazar və Şuşakənd istiqamətindən gözləyirdilər. Amma biz tamamilə fərqli istiqamətdən şəhərə daxil olduq.
Artıq noyabrın 6-da Şuşada idik. Şəhərin içində güclü döyüşlər getdi, ermənilərin 3 əks-hücumunu dəf etdik. Həmin gün Şuşada hücumu dərinliyə doğru daha da genişləndirdik, hücum istiqamətində küçə və prospektləri, yaşayış və qeyri-yaşayış obyektlərini düşməndən təmizlədik. Qeyd edim ki, sonrakı günlərdə də Azərbaycan Ordusunun hərbi geyimində olan erməni xüsusi təyinatlıları və diversantlarına şəhərdə dəfələrlə rast gəlindi.
Noyabrın 7-də ermənilər Şuşanı geri qaytarmaq üçün 1000 nəfərdən artıq heyətlə yenidən hücuma keçdilər. Yer-göy silkələnirdi, şəhər güclü artilleriya atəşinə tutulurdu. Həmin gün 4 əks-hücumun qarşısını aldıq. Şuşa yolu artıq təmizlənirdi və şəhərin müdafiəsinin təşkili üçün iki tank və bir piyada döyüş maşınının bura gətirilməsini əmr etdim. Artıq Xankəndiyə gedən yolu nəzarətə götürmək lazım idi.
Hərbi hissələrin nömrələrini məxfi saxlamaq vacibdir. Ancaq 181 saylı hərbi hissənin adını tarix üçün xüsusi qeyd etməyə borcluyam. Onlar Şuşanın azadlığı üçün böyük qəhrəmanlıqlar göstərdilər. Polkovnik Vilayət Quliyevin rəhbərliyi altında bu hərbi hissə böyük şücaətlərə imza atdı.
Bu hərbi hissə də iki tank və iki piyada döyüş maşını ilə Laçın istiqamətindən gələn erməni qüvvələrini və texnikasını saxlamaq üçün göndərildi. Sol tərəfimizdən Daşaltıya gedən yolu tutmaq üçün təxminən 200 nəfərlik şəxsi heyət yönləndirildi. Onlar düşmənin o cinahdan 10 tankının irəliləməsinin qarşısını aldılar.
Noyabrın 8-də ermənilər şəhərə “İsgəndər” raketi ilə zərbə endirdilər. Amma artıq şəhər Azərbaycan Ordusunun nəzarətində idi və ermənilər heç bir şey edə bilməzdilər. Bütün şəhər düşməndən təmizlənmiş, bölmələrimiz etibarlı müdafiə mövqeləri tutmuşdular. Möhtərəm Prezidentimiz İlham Əliyevin Şəhidlər xiyabanından verdiyi “Əziz Şuşa, sən azadsan!” bəyanatı ən böyük milli bayramımıza, ən mühüm Zəfərimizə çevrildi!
Əlbəttə ki, düşmən bu təslimçiliyi ilə barışmaq istəmirdi. Birinci Qarabağ savaşından başlayan döyüş təcrübəmə əsasən bilirdim ki, ermənilər tərəfdən əks-hücum olacaq. Buna görə də Laçından Şuşaya gedən yola nəzarəti gücləndirir və şəhərdən Xankəndiyə doğru qaçan erməni dəstələrini məhv edirdik.
Elə noyabrın 8-i Şuşakənd-Şuşa, Muxtarkand-Şuşa, Xankəndi-Şuşa və digər istiqamətlərdən erməni qüvvələri və texnikası şəhərə əks-hücuma keçdi. Şuşa və Xankəndiyə gedən yol eynidir və bizim nəzarətimizdə idi.
Cəmi 50 döyüşçü ilə düşmənin intensiv artilleriya, raket və minaatan atəşi altında mövqelərimizi qoruyurduq. Hər metrə bir mərmi düşürdü. Düşmən onilliklər boyu əraziyə hakim olduğundan, coğrafi relyefi əla bilirdi, buna görə də şiddətli artilleriya atışı və çoxsaylı heyətlə hücuma əminliklə başladı. Ancaq geri oturduldu və böyük itki verdi.
9 noyabrda düşmən yenidən geniş əks-hücum əməliyyatı keçirdi. Sübh tezdən başlayan hücum intensiv artilleriya atəşləri ilə davam etdi. Ermənistan cəbbəxanasında olan ən ağır və dağıdıcı bütün silahlarından – “Smerç” reaktiv raket və “TOS” ağır odsaçan artilleriya sistemlərindən, kaset mərmilərindən və digər bu kimi ağır artilleriya vasitələrindən istifadə etdi.
Şuşanın bütün binaları hədəfə alındı. Xüsusilə müdafiəni qurduğumuz qala şiddətli atəşə məruz qaldı.
Əslində, bütün hədəflər düşmənə məlum idi, buna görə də hətta ən yüksək yerdə yerləşən qalanın hər qarışına bir mərmi düşürdü. Şəhərdə dəhşətli vəziyyət yaranmışdı. Axşam saat 7 radələrində düşmən yenidən əks-hücuma keçdi.
Xankəndiyə gedən yolun sol tərəfində bir qüllənin və böyük xaçın yerləşdiyi yüksəklik tərəfdən 30 nəfər və Xankəndi tərəfdən isə 40 nəfər qara forma geyinmiş erməni silahlısı hücuma keçdi. Hiss olunurdu ki, bunlar xüsusi təlim keçmiş bölmələrdir. Polkovnik Vilayət Quliyev yüksəklikdən irəliləyən düşməni BMP-2 atəşi ilə, digər istiqamətdə yığılmış düşmən qrupunu isə iki tank əleyhinə idarə olunan raketlə məhv etdi. Həmin gün onların əks-hücumu yatırıldı, gecə isə pilotsuz təyyarələrimizin işinə mane olan “TOR” hava hücumundan müdafiə kompleksini məhv etdik”.
Gununsesi.info