Əkrəm Həsənov: ““Bank Standard”ın bu günə düşməsində günahkar olanlar cəzalandırmalıdır”

  • By admin
  • 06 İyun 2016 17:48

 

ekrem bankstadd

“Bank Standard” ətrafında sular durulmaq bilmir. Əksinə, hökumətin maliyyə yardımına baxmayaraq, bankın problemi aydan-aya artmaqdadır. Gununsesi.info bankdakı mənbədən əldə etdiyi məlumata görə, “Bank Standard”ın bir neçə rəhbər işçisinin ölkədən çıxışına qadağa qoyulub. Bu qadağanın ən vaxt görüləcəyi isə bilinmir.

Bundan əlavə, müştərilər oradan depozitlərinin geri götüməsində problem yaşayırlar.  Maliyyə Bazarlarında Nəzarət Palatasının qərarı ilə aprel ayının əvvəllərindən başlayaraq bir ay müddətində bank üzərindən bütün əməliyyatlar dayandırıldı. Hətta depozitlərin qaytarılmasına da məhdudiyyətləri tətbiq edildi. İyun ayının 3-dən başlayaraq, bu istiqamətdə məhdudiyyətlər bir qədər götürldü. Ayda maksimum 4000 manata qədər depozitin geri götürülməsinə icazə verildi.

Fins.az-ın məlumatına görə, üzərindən bir neçə gün keçməsinə baxmayaraq, bu limit yenidən  4 dəfə azaldılaraq, ayda maksimum1000 manata həcminə qədər salınıb. Belə ki, bankın müştəriləri həm cari, depozit və debet kart hesablarından birlikdə ay ərzində maksimum 1000 manat məxaric edə bilərlər. Müştəri bu məbləği bir dəfəyə və ya ay ərzində hissə-hissə götürə bilər. Bunun üçün bankın baş ofisinə və ya istənilən filialına yaxınlaşmaq lazımdır.

Qeyd edək ki, Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı jurnalistlərə bildirmişdi ki, bir ay vəziyyətlə bağlı monitorinq aparılacaq, banka dövlət dəstəyinin həcmi tam müəyyənləşdirəcək və bir ay sonra əmanətlərin ödənişi bərpa olunacaq. Direktorlar Şurasının sədri qeyd etmişdi ki, “Bank Standard” sistem əhəmiyyətli, əmanətlərin həcminə görə ikinci bankdır. Buna görə maliyyə dayanıqlığının bərpası üçün dövlət bütün lazımi tədbirləri görməyə hazırdır. Məhz bu səbəbdən bankın likvidikliyini, dayanıqlığını təmin etmək məqsədilə ilkin olaraq 15 mln. manat dövlət yardımı ayrıldı.

Təəssüf ki, ölkənin ən böyük banklarından birinin müflis olma vəziyyətinə çatma səbəbini nə bank, nə də hökumət orqanları tərəfindən hər hansı bir açıqlama verilir. Halbuki, dövlətin vəsaitindən buraya yardım ayrılırsa, şəffaflıq da təmin edilməlidir. Azərbaycan Mərkəzi Bankı illərdir ki, maliyyə hesabatlarını normal təqdim etməyən bu bankın qanunsuzluqlarına, qeyri-şəffaflığına qarşı gözünü yumub. Məsələn, sözügedən bankın sonuncu hesabatı 2013-cü ildə qoyulub. Bu sənədlə isə, “Bank Standard”ın vəziyyətini tam təhlil etmək, birdən-birə müflisləşmə səbəbini qismən də olsa müəyyənləşdirmək yetərli deyil. 2013-cü ilin mılumatlarına inansaq, sözügedən bankın cəmi aktivlərinin həcmi 995 milyon manat göstərilir ki, bu da kifayət qədər onun böyük maliyyə təkilatı olduğunu deməyə əsas verir. Kredit portfeli isə 780 milyon manat təşkil edib. Onun 90.4 milyoni banklara verilmiş kreditlərdir, 690 milyonu isə müştərilərə verilmiş kreditlərdir. 2013-ü ildə bankın hesablarında olan depozitlərin həcmi isə 690 milyon manat təşkil edib. Bundan əlavə, 250 milyon manat “sair öhdəlikləri” olub ki, buraya təbii ki, xarici maliyyə təşkilatlarından aldığı borcları daxildir.  Hesabatı əhatə edən dövrdə bankın problemli kreditlərinin həcmi 80 milyon manat təşkil edib.

2013-cü ilin hesabatında olan bəzi məluamtları təhlil etsək görərik ki, “Bank Standard”ın xarici valyutada öhdəlikləri böyük həcmdə olub ki, bu da manatın devalvasiyasından sonra müəyyən problemlər yaratması istisna deyil. Məsələn, xarici borc və depozitlərlə birlikdə 400 milyon manatlıq xarici valyutada borcu olub. Kredit portfelində isə xarici valyuta da olan vəsaitlərin həcmi 170 milyon manat təşkil edib. Çox güman ki, manatın 2015-ci ildəki devalvasiyasından sonra xarici valyutada olan depoztlərin həcminin böyüməsi ilə yanaşı, qaytarılmayan kreditləri də artıb. Amma bu rəqəmlərə inansaq, risklərin çox da yüksək olduğunu deyə bilmərik.

Amma bu gün faktdır ki, ya bankın idarəçiliyində baş vermiş səhlənkarlıq, məsuliyyətsizlik səbəbindən, və ya digər nədənlərdən 700 milyonluq əmanət və depozit portfeli risklə üz-üzədir, habelə müştərilərə və bank işçilərinə müxtəlif qadağalar tətbiq edilir.

Bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, ölkədən çıxışlara məhkəmənin qərarı olmadan qoyulması qanunsuzdur: “Əlbəttə, onun tərəfdarıyam ki, “Bank Standard”ın bu günə düşməsində günahkar olan şəxslər cəzalandırmalıdır. Burada məsulliyət Mərkəzi Bankın da üzərinə düşüb. Onlar illərlə həmin bankı nəzarətdə saxlayıblar”.

Ə.Həsənov əlavə etdi ki, əmanətlərin qaytarılmasında məhdudiyyətlər bankın “sağlamlaşdılırması” çərçivəsində aparıla bilər. Amma bunun üçün öncə Nazirlər Kabinetinin müvafiq qərarı olmalıdır: “Tədbirlər planı təsdiq olunmalıdır. Həmin tədbirlər planının içində 18 ayadək əmanətlərin çıxarılmasına məhdudiyyət qoyula bilər. Lakin bu da məhkəmə qərarı ilə aparılmalıdır. Amma həmin bankın “sağlamlaşdırılması” ilə bağlı Nazirlər Kabinetinin heç bir qərarını görməmişik. Buna görə də, əmanətlərin qaytarılmaması kobud qanun pozuntusudur”.

Hüquqşünas bildirir ki, hökumət bu bankın “sağlamlaşdırılması” üçün vəsait ayırması onun yaxşı bank olduğuna görə deyil, böyük depozit portfelinə malik olması ilə əlaqədardır: “Əgər bağlansa, bank sisteminə zərbə dəyə bilər. Çünki bu halda Əmanətlərin Sığortalanması Fondu maksimum 6 ay ərzində bütün əmanətləri qaytarmalı olacaqdı. Onun isə 600 milyondan çox əmanəti var. Fondun bu qədər vəsaiti qaytarmağa imkanı çatmayacaq.  “Texnika Bank”ın ləğvindən sonra Fondun pulu tükənib, Mərkəzi Bankın krediti hesabına dolanır.

Elə məhz buna görə də “Bank Standard” ləğv olunmadı, “sağlamlaşdırılma”ğa başlanıldı ki, Fond müflis olmasın.

Təssüf ki, bu bank olduqca qeyri-şəffaf bankdır, hətta müvəqqəti inzibatçısının kimliyini belə açıqlamırlar. “Sağlamlaşdırılma”nın özü qeyri-şəffaf aparılır”.

Leyla

Gununsesi.info