Bakıda həbs olunan rusların maddələri yüngülləşdirildi

  • By Admin2
  • 20 İyun 2026 15:14

Ötən ilin iyulunda Azərbaycanla Rusiya arasında münasibətlərin pisləşməsi fonunda Bakıda həbs olunan rusiyalılardan daha 8 nəfərin məhkəməsi yekunlaşıb.

Gununsesi.info xəbər verir ki, iyunun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub.

Onlardan 4 nəfərinə (Sergey Sofronov, Anton Draçov, Dmitri Bezuqli, Valeri Dulov) 4 il, digərlərinə (Dmitri Fyodorov, Boris Timoşov, Aleksey Vasilçenko, İlya Bezuqli) isə 3 il həbs cəzası kəsilib.

Hakim Firdovsi Əliyevin sədrliyilə çıxarılan hökmə əsasən, istintaq vaxtı rusiyalılara verilmiş ittiham yüngülləşdirilib.

Onlar Cinayət Məcəlləsinin 234.4.1 və 234.3.4-cü (mütəşəkkil dəstə tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddələrilə ittiham olunurdu.

Bu maddələrin sanksiyasında 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən şəxslərdən ümumilikdə 4,153 qram heroin, 50 ədəd narkotik vasitə olan metadon həbləri və 36,814 qram metamfetamin (“patı”) tapılıb.

İttihama əsasən, onlar bu maddələri sonradan satmaq niyyətilə aralarında bölüblər.

Məhkəmə “mütəşəkkil dəstə” və “satış məqsədi” ilə bağlı ittihamların təsdiqini tapmadığı qənaətinə gəlib. Rusiyalılara verilmiş ittiham da daha yüngül maddəyə – CM-in 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsinə tövsif edib.

Bu maddədə isə 3 ildən 8 ilədək cəza nəzərdə tutulub.

Gununsesi.info