11 ildir gözümüz yoldadır - MTN DAĞILANDA GÖZLƏYİRDİK Kİ, ONLAR AZADLIĞA BURAXILACAQ

  • By admin
  • 27 May 2018 09:56

 

 

Prezident İlham Əliyevin imzaladığı sonuncu əfv sərəncamında bir çoxları 11 ildir ki, həbsdə qalan Səid Dadaşbəyli və onunla birgə həbs olunanların da azadlığa çıxacağını gözləsə də bu baş vermədi.

Qeyd edək ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin qurama ittihamları ilə həbs olunan bu şəxslər bir çox təşkilatlarının siyasi məhbus siyahısına daxil edilib.

Səid Dadaşbəylinin həyat yoldaşı İlhamə Kazımova saytımıza açıqlamasında bildirib  ki, ötən illərdə yaşananlar artıq onları ümidsizliyə düçar edib: “Biz də gözləyirdik ki, MTN olaylarından sonra Səidi və onunla birgə tutulanları buraxsınlar. Amma bu baş vermədi. Görəsən, onların həbsdə qalması kimlərin marağındadır ki, hər əfv sərəncamında buna maneçilik törədirlər. Dövlətin vəzifələrində oturub, vətəndaşla düşmənçilik edənlər niyə bunu edir?  Axı, bu insanlar Azərbaycan övladlarıdır. Biz artıq ümidimizi itirmişik”. 

“Bütün Azərbaycan bilir ki, bu uşaqlar heç bir cinayət törətməyib. Onlar sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cinayətlərinin qurbanıdır. MTN dağılanda biz ümid edirdik ki, “Said Dadaşbəylinin dəstəsi” adı ilə həbs edilən bu insanlar nəhayyət, uzun illərdən sonra azadlığa çıxacaq. Son əfv sərəncamı da bizi məyus etdi”.

Bu sözləri isə GUNUNSESİ.İNFO-ya açıqlamasında 11 ildən artıqdır ki, həbs həyatı yaşayan Rasim Kərimovun anası İradə Kərimova bildirib.

Onun sözlərinə görə, ömrünün 11 ildən artığını həbsxanada keçirən övladı və onunla birlikdə həbs edilənlərin taleyi heç kəsi maraqlandırmır: “Konstitusiyaya yazıblar ki, Azərbaycan  hüquqi dövlətdir. Bu qədər haqsızlıqmı olar? Bu insanların günahı nədir? Bu uşaqlarla birlikdə həbs olunanların bir neçəsinin ailəsi dağıldı. Bu dövlətə baş ucalığı gətirmir. 11 ildir ki, gözümüz yoldadır”.

Gununsesi.info