Avropa Məhkəməsinin sentyabrın 10-da onun sanksiyalarını ləğv etməsinə baxmayaraq, Avropa İttifaqı Dmitri Pumpyanskiyə qarşı məhdudiyyətləri 2026-cı ilin martına qədər uzadıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Aİ Şurasının sənədində bildirilir.
Məlumata əsasən, Boru Metallurgiya Şirkətinin (TMK) və “Sinara Qrup”un keçmiş rəhbəri formal olaraq vəzifələrini tərk etsə də, benefisiar mülkiyyətçi statusunu saxlayır, aktivlər üzərində nəzarəti davam etdirir və son iki ildə sərvətini əhəmiyyətli dərəcədə artırıb. Şura hesab edir ki, bu, Pumpyanskinin biznesdən çıxdığına dair açıqlamaları ilə ziddiyyət təşkil edir.
Avropa Məhkəməsi daha əvvəl qeyd etmişdi ki, sanksiyaların uzadılması dövründə iş adamı Rusiya hakimiyyətinə ciddi dəstək göstərməyib və məhdudiyyətləri 2025-ci ilin sentyabrına qədər aradan qaldırmışdı. Lakin bu qərar Pumpyanskinin və oğlu Aleksandrın yeni sanksiya siyahısına daxil edilməsinə mane olmayıb. Aİ Şurası vurğulayıb ki, onlar Furdberg Holding Limited vasitəsilə əhəmiyyətli aktivlərə sahibdirlər.
Bundan əlavə, Avropa Ədalət Məhkəməsi iş adamı Roman Abramoviçin ona qarşı 2022-ci ildən tətbiq edilən sanksiyaların ləğv olunması ilə bağlı müraciətini rədd edib. Məhkəmə qərarında qeyd olunub ki, məhdudiyyətlər qanuni və beynəlxalq hüquqa tam uyğundur. Abramoviç daha əvvəl Aİ Şurasının sanksiyaların uzadılması ilə bağlı qərarlarına dəfələrlə etiraz etmiş və mənəvi ziyana görə 1 milyon avro təzminat tələb etmişdi.
Şəbnəm Rəhimova










