Azərbaycan regionda davamlı sülhün möhkəmləndirilməsinə yönələn səyləri davam etdirəcək - Hikmət Hacıyev

  • Müəllif: Orxan
  • 11 Sentyabr 2026 12:13

Azərbaycan regionda davamlı və uzunmüddətli sülhün təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzini ziyarət edən diplomatik nümayəndələr qarşısında çıxışı zamanı bildirib.

Hacıyev qeyd edib ki, Azərbaycan sülh şəraitində birgə yaşamaq və yeni reallıqların formalaşdırılması istiqamətində mühüm mərhələdən keçir.

Onun sözlərinə görə, sülhün əhəmiyyəti yalnız silahlı qarşıdurmanın və münaqişənin olmaması ilə məhdudlaşmır.

Prezidentin köməkçisi vurğulayıb ki, real sülh eyni zamanda bölgələrdə aparılan bərpa və yenidənqurma işləri, qarşılıqlı etimadın yaradılması və insanların gələcəyə inamının möhkəmləndirilməsi ilə bağlıdır.

“Biz sülh şəraitində yaşamağı öyrənirik və bu istiqamətdə irəliləyirik. Anladıq ki, sülh şəraitində yaşamaq – sözlərlə izah edilə bilməyəcək qədər böyük bir hissdir. Sülh həm də yerlərdə aparılan yenidənqurma və bərpa işlərindən başlayır. Sülh yalnız qarşıdurmanın olmaması demək deyil. Sülh həm də sülh quruculuğu, yenidənqurma və bərpa prosesinə inam və etimadın formalaşdırılması deməkdir”, – deyə Hikmət Hacıyev bildirib.

O, Azərbaycan və Ermənistan liderlərinin son görüşünə də toxunaraq, danışıqların konstruktiv atmosferdə keçməsini müsbət qiymətləndirib.

Hacıyevin sözlərinə görə, tərəflər sülh gündəliyinin daha da inkişaf etdirilməsi, qarşılıqlı etimadın gücləndirilməsi və ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Bu əməkdaşlığın ticarət əlaqələri ilə yanaşı, Azərbaycan və Ermənistan arasında, eləcə də daha geniş regionda nəqliyyat və bağlantı imkanlarının inkişaf etdirilməsini də əhatə etdiyi bildirilib.

Prezident Administrasiyasının rəsmisi, həmçinin üçtərəfli konsepsiyanın inkişafı istiqamətində müsbət dinamikanın müşahidə olunmasını təqdir edib. O, layihənin reallaşdırılmasına verdikləri dəstəyə və göstərdikləri sadiqliyə görə ABŞ tərəfinə təşəkkürünü ifadə edib.

Elmar

Gununsesi.info