Deputatı və oğlunu məhkəmədən qabaq niyə cəmiyyət mühakimə edir? - PƏRVİZ HƏŞİMLİ YAZIR

  • Müəllif: admin
  • 26 Oktyabr 2026 12:40

Bir neçə gündür ki, medianın və sosial şəbəkələrin müzakirə mövzusu deputat Arzuxan Əlizadənin oğlunun qətldə iştirakıdır.

Müzakirələrə diqqət edəndə cinayət törədənlərdən daha çox deputatın özü və Xətai rayon Məhkəməsində hakim işləyən digər oğlu Orxan Əlizadə mühakimə olunur.

Hüquqi məsuliyyət fərdidir.

Bəs görəsən, nə üçün bizdə oğula görə ata, yaxud da qardaş mühakimə olunmalıdır?

Söhbət ictimai mühakimədən gedir.

Cəmiyyət susqun ola bilər,öz haqqı uğrunda mübarizə aparmaya bilər. Amma hadisələri görür, duyur və dəyərləndirir. İnsanların daxilində toplanan narazılıq hissi isə belə məsələlərdə partlayır.

Bütün acığını Arzuxan Əlizadə kimi adamlardan çıxır.

Səbəb sadədir. Heç kim ailə üzvünün törətdiyi əmələ görə avtomatik olaraq cinayət məsuliyyəti daşımır. O cümlədən Arzuzan müəllim də…

Demək ki, deputat olmaq sadəcə parlamentdə mandat daşımaq deyil. Bu, seçicilərin problemlərini qaldırmaq, onların hüquqlarını müdafiə etmək, hakimiyyətin fəaliyyətinə nəzarət etmək və cəmiyyət qarşısında siyasi hesabat vermək öhdəliyidir.

İctimai qınağın səbəbi də məhz burada axtarılmalıdır.

İnsanların deputata ünvanladığı əsas sual təkcə “Oğluna nəzarət edə bilmədimi?” deyil. Daha mühüm sual budur: “Bu deputat indiyədək bizim hüquqlarımızı, problemlərimizi və ədalət tələbimizi nə dərəcədə müdafiə edib?”

Arzuxan Əlizadə uzun illərdir Azərbaycan Milli İstiqlal Partiyasının üzvü, sonradan isə sədri kimi siyasi fəaliyyətdədir. AMİP Azərbaycan siyasi tarixində milli istiqlal ideyaları ilə tanınan partiyalardan biridir.⁠

Belə bir siyasi keçmişə malik şəxsdən cəmiyyətin gözləntisi yalnız milli dövlətçilik və siyasi sabitlik haqqında danışmaqla məhdudlaşmır. Milli istiqlal ideyasının mahiyyətində insanın azadlığı, hüququ, ləyaqəti və dövlət qarşısında bərabərliyi də dayanır.

Burada Arzuxan Əlizadənin siyasi fəaliyyətinə dair tənqidi suallar ortaya çıxır: O, deputat mandatı qazandıqdan sonra bahalaşma, sosial ədalətsizlik, vətəndaşların məhkəmələrdə üzləşdiyi problemlər və hüquq-mühafizə sisteminə dair narazılıqlar barədə nə qədər ardıcıl danışıb? Hansı problemlərin həlli üçün açıq siyasi təşəbbüslərlə çıxış edib? İnsanların hüquqlarının müdafiəsi ilə bağlı hansı prinsipial mövqe nümayiş etdirib?

Arzuxan Əlizadə həm də Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavinidir.

Bu vəzifə onun üzərinə xüsusi ictimai məsuliyyət qoyur. Görünür, o bunu dərk etməyib.

Ona görə də bu gün sosial şəbəkələrdə linç olunursa, günahı onu qınayanlarda yox, özündə axtarmalıdır.

Pərviz Həşimli

Gununsesi.info