Alim: “Jurnalist reklamçı deyil, cəmiyyətin həqiqəti öyrənmək hüququnun müdafiəçisidir”

  • Müəllif: Orxan
  • 27 Oktyabr 2026 13:37

Tarixçi-alim Zaur Əliyev “Çıraq Palace” şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlar və sonradan bu hadisənin guya yalan olduğunu göstərməyə yönələn çəkilişlər barədə fikirlərini bölüşüb.

Gununsesi.info-nun xəbərinə görə, Zaur Əliyev qeyd edib ki, bir neçə gün əvvəl mediada yayılan məlumatlarla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən şadlıq sarayında plandankənar yoxlama keçirilib və aşkarlanan faktlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib.

Tarixçi-alim bildirib ki, hadisə ilə bağlı müxtəlif səhifələrdə yayımlanan görüntüləri izləyib, ictimaiyyətin münasibətini əks etdirən şərhlərlə də tanış olub.

Onun diqqətini çəkən məqam isə “Express Xəbərlər” saytı və onun baş redaktorunun sonradan həmin məkanda çəkiliş apararaq əvvəlki məlumatların guya həqiqətə uyğun olmadığını göstərməyə çalışmasıdır.

Zaur Əliyevin fikrincə, jurnalistika ilə reklam fəaliyyəti arasındakı sərhəd qorunmalı, media ictimai maraqları şəxsi və ya kommersiya maraqlarından üstün tutmalıdır.

“Başa düşürəm, hər kəs çörək qazanmalıdır. İndiki zamanda pul hər kəsə lazımdır. Ancaq jurnalist və media, dördüncü hakimiyyət olaraq, neytral mövqeyini qorumalıdır. Bu gün Fəridin jurnalist, reklamçı, yoxsa TikTokçu kimi fəaliyyət göstərdiyini ayırd etmək çətindir. Amma dövlət qurumu yoxlama aparıb, faktlar aşkarlayıb və inzibati protokol tərtib edibsə, baş verənlərin yalan olduğunu iddia etmək nə dərəcədə jurnalistikanın peşə prinsiplərinə uyğundur?”-deyə Zaur Əliyev vurğulayıb.

Tarixçi-alim hesab edir ki, jurnalistin əsas vəzifəsi hər hansı müəssisənin reklamını etmək deyil, cəmiyyətə baş verən hadisələr barədə dəqiq, qərəzsiz və obyektiv məlumat çatdırmaqdır.

Onun sözlərinə görə, mediada yayılan məlumatlarla bağlı fərqli mövqe ortaya qoymaq mümkündür, lakin bunun üçün faktlara əsaslanmaq, rəsmi açıqlamaları nəzərə almaq və ictimaiyyəti çaşdıracaq təqdimatlardan çəkinmək vacibdir.

Zaur Əliyev Azərbaycanda bəzi hallarda sosial şəbəkələrdə populyarlıq qazanan şəxslərə ictimai əhəmiyyətli platformalarda üstünlük verilməsini də tənqid edib. O, bu yanaşmanın jurnalistikanın nüfuzuna və cəmiyyətdə media etimadına mənfi təsir göstərə biləcəyini bildirib.

“Jurnalist xalqın yanında olmalı, baş verənləri olduğu kimi təqdim etməli, cəmiyyətin düzgün məlumat almaq hüququnu qorumalıdır. Media reklam vasitəsinə çevriləndə isə onun əsas missiyası kölgədə qalır”, – deyə o qeyd edib.

Qeyd edək ki, “Çıraq Palace” şadlıq sarayında aparılan yoxlama və tərtib olunan inzibati protokolla bağlı məsələyə dair yekun hüquqi nəticə barədə ayrıca məlumat verilmədiyi halda, hadisənin bütün təfərrüatlarının araşdırılması və ictimaiyyətə obyektiv şəkildə çatdırılması vacib olaraq qalır.

Elmar
Gununsesi.info