Politoloq Turan Rzayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlamalarının Ankara ilə Bakı arasındakı münasibətlərdə yaranmış soyuqluğun aradan qaldırılmasına hesablandığını düşünür.
Gununsesi.info-nun xəbərinə görə, politoloq bu barədə yazdığı şərhdə bildirib ki, Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng etməsi və Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın vəzifəsindən uzaqlaşdırılması münasibətlərin normallaşması istiqamətində müsbət jestlərdir. Bununla belə, onun fikrincə, bu addımlar mövcud gərginliyin tam aradan qalxması üçün kifayət etmir.
Turan Rzayev qeyd edib ki, Oqtay Saralın Azərbaycanla bağlı açıqlamaları rəsmi Bakıda ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilərdi.
Politoloqun qənaətinə görə, son hadisələr, xüsusilə də hakim Ədalət və İnkişaf Partiyasına (AKP) yaxın şəxslərin Azərbaycana və Prezident İlham Əliyevin qərarlarına qarşı apardığı kampaniya Bakıda etimad sarsıntısı yaradıb.
O, həmçinin vurğulayıb ki, burada söhbət Türkiyə dövlətinə və türk xalqına münasibətdə etimadsızlıqdan deyil, məhz AKP iqtidarına qarşı yaranmış inamsızlıqdan gedir.
Politoloq eyni zamanda hesab edir ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Azərbaycanla bağlı müsbət açıqlamaları Bakıda rəğbətlə qarşılanıb. Onun sözlərinə görə, bu yanaşma Azərbaycan-Türkiyə münasibətlərinin qorunması və türk dünyasının birliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Rzayevin fikrincə, Ərdoğanın son açıqlamalarının və Bakı ilə münasibətləri yumşaltmağa yönələn addımlarının əsas məqsədlərindən biri oktyabrın 30-da Ankarada keçirilməsi nəzərdə tutulan Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə toplantısında İlham Əliyevin iştirakını təmin etməkdir.
Politoloq onu da bildirib ki, Azərbaycan Prezidentinin sammitdə iştirak edib-etməyəcəyi ilə bağlı hələlik rəsmi məlumat yoxdur. O, mövcud vəziyyətdə Bakının toplantıya qatılmağa isti yanaşmadığını ehtimal edir. Rzayev bunu Türkiyədə Azərbaycan əleyhinə çağırışların davam etməsi və mümkün təxribatlarla bağlı narahatlıqlarla əlaqələndirib.
Onun qənaətinə görə, Azərbaycanın sammitdə iştirak etməməsi TDT-nin digər üzvlərində narahatlıq yarada, Türkiyənin beynəlxalq nüfuzuna da mənfi təsir göstərə bilər.
Politoloq, o cümlədən, Azərbaycanın toplantıda iştirak edəcəyi təqdirdə bunun Ərdoğan və AKP iqtidarı üçün siyasi baxımdan əlverişsiz nəticələr doğura biləcəyini düşünür.
Onun fikrincə, belə bir qərar Bakının münasibətlərin qorunmasına üstünlük verməsi və milliyyətçi siyasi qanadın müsbət mövqeyini nəzərə alması ilə bağlı ola bilər.
Orxan
Gununsesi.info










