İnterpol hakerləri zərərsizləşdirir - 9 MİNƏ YAXIN KİBERCİNAYƏTKARLIQ FƏALİYYƏTİNƏ XİDMƏT EDƏN SERVER AŞKARLANIB

  • Müəllif: admin
  • 25 Aprel 2017 20:40

haker_1

İnterpol əməkdaşları kibercinayətkarlara qarşı aparılan mübarizə əməliyyatı çərçivəsində Cənub-Şərqi Asiyanın 8 ölkəsində müxtəlif kibercinayətkarlıq fəaliyyətinə xidmət edən 8,8 min server aşkarlayıblar.

Gununsesi.info “ICTnews”a istinadən xəbər verir ki, bu barədə beynəlxalq polis təşkilatının saytında deyilir. Məlumata görə, idarəedici serverlərdən zərərli və fırıldaqçı proqram təminatının yayılması, spam kampaniyalarının və “DDoS” hücumlarının həyata keçirilməsi üçün istifadə olunub. İnterpol əməkdaşları tərəfindən toplanan bütün məlumatlar səkkiz ölkənin (Çin, İndoneziya, Myanma, Malayziya, Filippin, Sinqapur, Tailand və Vyetnam) hər birinin hüquq-mühafizə orqanına təhvil verilib.

Beynəlxalq polis təşkilatı tərəfindən, həmçinin zərərli koda yoluxdurulan 270 internet saytı, yüzlərlə ələ keçirilən hökumət portalı və Nigeriya kibercinayətkar qruplaşması ilə əlaqəli bir sıra resurs aşkarlanıb.

Xatırladaq ki, ötən ilin yayında Nigeriya hakimiyyəti və İnterpol internetdə fırıldaqçı sxemlərlə 60 milyon dollar qazanc əldə edən beynəlxalq cinayətkar şəbəkənin təşkilatçısını həbs edib.

Gununsesi.info