
12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədova təzyiq edilir.
Gununsesi.info-nun xəbərinə görə, bu haqda onun vəkili Yalçın İmanov bildirib.
O müvəkkilinin həyat və sağlamlığına görə narahat olduğunu bildirib: “İyulun 1-də cəzaçəkmə müəssisəsində M.Səmədovla görüşdüm. Mövsüm dedi ki, onu yenidən 10 günlük karserə salıblar. Cəza müddəti iyunun 30-da başa çatıb”.
Vəkilin sözlərinə görə, buna səbəb AİP liderinin məhbuslardan birinin karserdə əlləri və ayaqları bağlanmış şəkildə saxlanıldığını öyrənməsi olub. O və digər məhbuslar nəzarətçilərdən həmin şəxsin əl-ayağının açılmasını xahiş ediblər. Amma cəzaçəkmə müəssisəsinin rəhbərliyi M.Səmədovun əməllərində “daxili intizam qaydalarının pozuntusu” olduğunu bildirib və onu 10 günlük karserə salıb:
“Karserdən çıxdığı günün ertəsi isə kamerada yoxlama zamanı onun üzərindən ip çıxması haqqında akt tərtib edilib. Əslində bu, kiçik “Quran” kitabını asmaq üçün incə ip olub. Bundan sonra, iyulun 1-də ona yenidən 10 günlük kars cəzası verilib. M.Səmədovun qapalı həbsxanaya köçürülməsi haqqında qərar qəbul edildikdən sonra belə onu rahat buraxmırlar. Cəzaçəkmə müəssisəsində cərimə, intizam cəzası tədbirlərinin davam etməsi, verilən suallar, M.Səmədova qarşı yeni planların və təhlükələrin ola biləcəyi haqqında ciddi şübhələr doğurur”.
Qeyd edək ki, M.Səmədov 2011-ci ilin yanvarında həbs ediliblər. Onlar terrorçuluqda, hakimiyyəti zorla ələ keçirməyə cəhddə və digər cinayətlərdə ittiham olunublar.
Xatırladaq ki, M.Səmədov 12 il azadlıqdan məhrum edilib.
Gülnaz Qənbərli
Gununsesi.info












