Körpələri ana südü ilə qidalandırma xərçəng xəstəliyi risqini azaldır - RAUF BƏYLƏROV

  • Müəllif: admin
  • 05 Oktyabr 2017 16:18
DSC_0519
Körpəsini 2-3 yaşa qədər əmizdirən qadınlarda klimakterik dövrdən əvvəl yumurtalığın və süd vəzinin xərçəng xəstəliyi riski azalmış olur. 
Gununsesi.info xəbər verir ki, bunu Tibb Universitetinin elmi işlər üzrə prorektoru, pediatr Rauf Bəylərov Universitetin Tədris Terapevtik Klinikasında ana südü ilə qidalandırma həftəsinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. 
Ana südü ilə qidalandırmanın üstünlüyündən danışan R.Bəylərov qeyd edib ki, hər bir qadın öz uşağını 2 yaşa qədər əmizdirə bilər və bu ilk olaraq ananın özünün sağlamlığı üçün vacibdir: “Artıq onkoloqlar da bunu təsdiq ediblər ki, körpəsini 2-3 yaşa qədər əmizdirən qadınlarda klimakterik dövrdən əvvəl yumurtalığın və süd vəzinin xərçəng xəstəliyi riski azalmış olur. Digər tərəfdən, uşaqlarda da 4 yaşa qədər kəskin respirator infeksiyalara, diareyaya yoluxma 4 dəfə azalır”.
 
Onun sözlərinə görə, dünyada belə şüar var: “Süni qidalanma ölü qidalanmasıdır”.  O deyib ki, süni qidaların tərkibini araşdırsaq, bunların uşaqlara verilməsi heç də düzgün olmadığını görərik. “Süni əmziklər də uşaqlara çox zərərlidir. Bu zaman analar çox diqqətli olmalıdırlar”- R.Bəylərov bildirib. 
ATU-nun Tədris Terapevtik Klinikasının II uşaq xəstəlikləri kafedrasının professor Səfixan Həsənov qeyd edib ki, ana südü ilə qidalanmanın həm ana, həm də uşaq sağlamlığı üçün böyük əhəmiyyəti var: “Çünki bu cür uşaqların immuniteti daha möhkəm olur, onlar xəstələnəndə tez sağalır. Belə körpələr arasında ölüm hallarına az təsadüf edilir”.
 
ATU-nun III uşaq xəstəlikləri kafedrasının dosenti, t.e.d. Ələkbər Həsənov bildirib ki, ana südü vaxtından qabaq doğulmuş uşaqlarda immuniteti gücləndirmək üçün gözəl vasitədir: “Adətən belə körpələr müxtəlif infeksiyalara qarşı daha davamsız olurlar. Müxtəlif immun faktorları ilə zəngin olan ana südü isə bu məsələdə əvəzsiz kömək edə bilər. Bundan əlavə ana südü də sarılıqla mübarizədə böyük kömək edir”. 
ATU-nun terapevtik və pediatrik propedevtika kafedrasının dosenti Səidə Xanməmmədova bildirib ki, ana südü ilə qidalanmanın əsas amillərindən biri psixoloji amildir. Onun  sözlərinə görə, qadınlar əvvəldən körpəsini ancaq ana südü ilə qidalandırmağa hazır olmalıdır, bu prosesin daha rahat keçməsinə hazırlaşmalıdırlar: “Hər ana bilməlidir ki, körpəni altı ayına qədər yalnız ana südü ilə qidalandırmaq lazımdır”. 
Qeyd edək ki, hər il oktyabr ayının ilk həftəsi Səhiyyə Nazirliyinin və UNICEF-in təşəbbüsü ilə ana südü ilə qidalandırma həftəsi kimi qeyd edilir. Bu münasibətlə Bakıda və regionlarda bir sıra tədbirlər keçirilir. Əsas məqsəd ana südünün faydaları haqqında cəmiyyəti maarifləndirməkdir.
DSC_0520 DSC_0511
Mürtəza
Gununsesi.info