Panik atak zamanı bədəndə nə baş verir? – ARAŞDIRMA

Panik atak zamanı yaranan əlamətlər çox vaxt ürək tutmasını xatırlatdığı üçün insanlar ilk növbədə kardioloqa müraciət edirlər. Mütəxəssislərin fikrincə, bu əlamətlər hər zaman ürək xəstəliyi ilə bağlı olmur və panik atakla ürək problemlərini ayırd etmək üçün düzgün tibbi qiymətləndirmə vacibdir.

İlk panik atak keçirən insanların əksəriyyəti sinəsində ağrı, ürəkdöyünmə və nəfəs darlığı hiss etdikdə ciddi ürək problemi yaşadıqlarını düşünür. Bu səbəbdən onlar əvvəlcə elektrokardioqramma (EKQ), ürəyin ultrasəs müayinəsi və digər yoxlamalardan keçirlər. Ürəkdə hər hansı problem aşkarlanmadıqdan sonra isə yalnız sonradan psixi sağlamlıq üzrə mütəxəssislərə müraciət edirlər.

Mütəxəssislər qeyd edirlər ki, panik atak zamanı beynin təhlükəyə qarşı müdafiə mexanizmi işə düşür. Əsl təhlükə olmasa da, beyin vəziyyəti həyat üçün risk kimi qəbul edir və buna uyğun reaksiya verir.

Bu zaman sinir sistemi stress hormonlarının ifrazını artırır. Nəticədə ürək döyüntüsü sürətlənir, qan təzyiqi yüksəlir, nəfəsalma səthi xarakter alır. Bu əlamətlər insanda ciddi fiziki xəstəlik təəssüratı yarada bilir.

Panik atak keçirən şəxsə “Sakitləş, hər şeyi şişirtmə” demək düzgün deyil. Çünki tutma zamanı hiss olunan bütün əlamətlər realdır. Sadəcə onların səbəbi ürək deyil, sinir sisteminin verdiyi reaksiyadır.

Qeyd olunur ki, insan bədənində baş verən dəyişikliklərə həddindən artıq diqqət yetirdikcə narahatlıq artır, narahatlıq artdıqca isə ürəkdöyünmə və digər əlamətlər daha da güclənir. Beləliklə, qorxu ilə fiziki əlamətlər bir-birini gücləndirən qapalı dövrə yaradır.

Araşdırmalara görə, ilk panik atakdan sonra bir çox insan növbəti tutmanın baş verəcəyindən ehtiyat edərək həyat tərzini dəyişir. Onlar əvvəllər özlərini pis hiss etdikləri metro, ticarət mərkəzi və təyyarə kimi yerlərdən uzaq durmağa çalışırlar. Bu isə zamanla gündəlik həyatın məhdudlaşmasına səbəb ola bilir.

Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, sinə ağrısı ilk dəfə yaranıbsa və ya şəxsdə ürək-damar xəstəlikləri üçün risk amilləri varsa, özünə diaqnoz qoymaq düzgün deyil. Əvvəlcə təhlükəli ürək və damar xəstəlikləri istisna edilməli, yalnız bundan sonra əlamətlərin psixoloji mənşəli olub-olmaması qiymətləndirilməlidir.

Mütəxəssislər onu da bildirirlər ki, panik atak müalicə oluna bilən vəziyyətdir. Ən böyük təhlükə isə tutmanın özü deyil, insanın uzun müddət növbəti tutma qorxusu ilə yaşaması və vaxtında psixi sağlamlıq üzrə yardım almamasıdır. Ürək müayinələrinin normal nəticə verməsi problemin uydurma olması demək deyil. Bu, sadəcə şikayətlərin səbəbinin ürəkdən deyil, sinir sistemindən qaynaqlandığını göstərə bilər.

 

 

Şəbnəm

Gununsesi.info