Yeni araşdırma qəhvənin tərkibində olan təbii bitki mənşəli birləşmələrin süd vəzi xərçəngi olan qadınlarda ölüm və xəstəliyin yenidən yaranması riskinin azalması ilə əlaqəli ola biləcəyini göstərib.
Gununsesi.info xəbər verir ki, araşdırmada əsas diqqət polifenollar adlı, antioksidant xüsusiyyətlərə malik təbii bitki birləşmələrinə yönəlib.
Məlumata görə, polifenollar qəhvə də daxil olmaqla bir sıra bitki mənşəli qida və içkilərdə mövcuddur. Alimlər bu birləşmələrin süd vəzi xərçəngindən ölüm və xəstəliyin təkrarlanması riskinə mümkün təsirini araşdırıblar.
Əvvəlki tədqiqatlarda da bəzi qida maddələrinin süd vəzi xərçəngindən ölüm riskinin azalmasına kömək edə biləcəyi müəyyən edilib. Bunlara B qrupu vitaminləri, D vitamini, omeqa-3 yağ turşuları və C vitamini daxildir.
Məlumata görə, 2024-cü ildə dünyada təxminən 694 min qadın süd vəzi xərçəngindən həyatını itirib. Süd vəzi xərçəngi hazırda qadınlar arasında dünyada ən çox rast gəlinən xərçəng növüdür və ABŞ-da qadınlar arasında xərçəngdən ölümün ikinci əsas səbəbidir.
Süd vəzi xərçəngindən sağ qalma göstəriciləri xəstəliyin növündən, hansı mərhələdə aşkar edilməsindən və digər orqanlara yayılıb-yayılmamasından asılıdır.
Araşdırma nəticələri qəhvənin süd vəzi xərçəngini müalicə etdiyini və ya onun qarşısını aldığını göstərmir. Alimlər əldə olunan nəticələrin daha geniş tədqiqatlarla təsdiqlənməsinin vacibliyini bildirirlər.
Firuzə Mahmudova












