
“Bu gün bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyirlər və onlara nəzarət edilmir”.
Gununsesi.info xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin tibb baş idarəsinin rəisi, general-leytanant Rəfael Mehdiyev “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” adlı dinləmələrdə çıxış edərkən deyib.
“Sovet dövründə müəyyən obliqat qrupu var idi, həmin qrupa daxil olanlar mütəmadi olaraq, müayinələrdən keçirilirdi, bu işə xüsusi nəzarət edilirdi. Bu gün bu, unudulub. Bu gün bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyir və onlara nəzarət də edilmir. Qabaqlar belə yerlərdə işləyənlər 3-4 aydan bir məcburi müayinədən keçirdilər. Bunu bərpa etmək lazımdır və buna çox ciddi nəzarət etmək lazımdır”.
R.Mehdiyev qeyd edib ki, vərəm xəstəsi olan məhkumlar azadlığa çıxdıqdan sonra onlara nəzarət edilməlidir.
Son illərdə bu nəzarəti QHT-lərlə birgə təmin etdiklərini deyən R.Mehdiyevin sözlərinə görə, onların təcrübəsi göstərir ki, belə keçmiş məhkumlar yenidən cəzaçəkmə müəssisəsinə qayıtdığı zaman onlarda vərəmin daha kəskinləşmiş forması olur: “Bu isə onu göstərir ki, onlar azadlığa çıxdıqdan sonra vərəmi müalicə etmirlər və müəyyən müddətdən sonra daha kəskinləşmiş formada geri qayıdırlar. Buna görə də belə məhkumlara nəzarətin edilməsi çox vacibdir”.
Mürtəza
Gununsesi.info












