
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bu gün Xəzərdə baş verən faciədə 10 neftçinin itkin düşməsi ilə bağlı maraqlı məlumat paylaşıb.
Gununsesi.info-nun xəbərinə görə, İ.Şaban bu haqda sosial şəbəkədəki səhifəsində qəzanın baş verdiyi Nərimanov NQÇİ-də işlərin necə aparılması haqda yazıb.
Onun sözlərinə görə, Nərimanov NQÇİ hasilatı platformalar üzərindən həyata keçirmir, yataqlar dənizin dayaz hissəsində yerləşdiyi (10-30 metr) üçün onların istismarı estakada üsulu və qazma prosesi isə meydançalardan (ploşadka) həyata keçirilir: “Meydançalar nədir? Onların qalıqlarını Pirallahı adasına gedənlər daha yaxından görüblər. Təyyarə ilə Bakıya gələnlər isə çox zaman, məhz, Nərimanov NQÇİ-nin meydançaları üzərindən eniş edirlər.
Görünür ki, onların nə qədəri artıq ömrünü başa vurub. Əlbəttə, 40-50 il istismarda olub və laylardan karbohidrogen ehtiyatları çıxartdıqdan sonra ömürlərini başa vurublar. Sovet zamanı ekologiyaya, ümumiyyətlə, heç fikir vermirdilər və heç maddə də yox idi ki, bu meydançaları, estakadaları sonra ləğv etsinlər”.
Ekspert hazırda SOCAR-ın bazasında olan qurğular barədə də yazıb:
“SOCAR-ın balansında hazırda olan bu qurğuların vəziyyətinə gəlincə isə onların yararlığına dair hər il müvafiq dövlət orqanları rəy verirlər. Necə ki, avtomobilin idarə edilməsi üçün “texosmotr” deyilən bir vacib sənədləşmə prosedurundan keçmək vacibdir”.
Gülnaz Qənbərli
Gununsesi.info












