Əvəz Zeynallının səhhəti ağır olaraq qalır.
Gununsesi.info-ya bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.
Məlahət Zeynallının sözlərinə görə, Əvəz Zeynallının müalicəsinin intensivləşdirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanacaq ümumxalq müraciəti hazırlanır və bununla əlaqədar petisiya kampaniyasına başlanılıb.
O, paylaşımında bu prosesin ağır bir dönəmdə həyata keçirildiyini qeyd edib:
“Bir çox şeylərin biz də fərqindəyik. Kinini, qəzəbini yürüdən, dövləti təmsil edən məmurlar heç vaxt imkan verməzlər ki, dövlət Əvəz Zeynallıya sahib çıxsın. Amma sabahı düşünüb, bu statusu yazmaq qərarına gəldim. Sonra deməsinlər ki, bizə müraciət olunmadı. Biz müraciəti etdik, qalanı Azərbaycanın dövlət siyasətini, media siyasətini yürüdənlərə qalsın”.
Məlahət Zeynallı kimliyindən asılı olmayaraq, Əvəz Zeynallıya dəstək vermək istəyən şəxsləri müraciətə qoşulmağa çağırıb.
O bildirib ki, Prezidentə ünvanlanacaq müraciətin altında adının görünməsini istəyən şəxslər ad, soyad və təmsil etdiyi qurumun adını qeyd edə bilərlər. Toplanan adların müraciət məktubuna daxil ediləcəyi bildirilib.
Orxan












