634 min uşaq tibbi müayinəyə cəlb edilib

  • Müəllif: admin
  • 27 Dekabr 2016 12:10

usaq

“Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” çərçivəsində respublika üzrə müayinələrdən keçmiş uşaqlar haqqında 11 aylıq hesabatı açıqlanıb.
Səhiyyə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, hesabatda qeyd edilib ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 55 ambulator – poliklinik tibb müəssisəsi tərəfindən 730606 nəfər uşaq əhalisinə tibbi xidmət göstərilir. Aparılan profilaktik müayinələrin əsas məqsədi uşaqlar arasında xəstəliklərin erkən aşkar edilərək müayinə, müalicəyə cəlb edilməsi və beləliklə də sağlam gələcəyimizin təminatına yönəlib. Nəticədə, yekun statistik məlumatlara əsasən uşaqlar arasında ilkin xəstəliklərin sayı 2014-cü ilə nisbətən bir qədər azalmış və bu xəstəliklərin 25%-i məhz icbari tibbi müayinələr zamanı aşkar olunub.
2016-cı ilin 11 ayı ərzində uşaq poliklinikaları tərəfindən icbari tibbi müayinədən keçirilməsi planlaşdırılan 679420 nəfər uşaqdan 633936 nəfər uşaq (93%) müayinəyə cəlb edilib.
Cari ilin 11 ayı ərzində müayinəsi nəzərdə tutulmuş 0-5 yaşda olan 224967 uşaqdan 209071 nəfəri (93%) profilaktik müayinədən keçmişdir ki, onların 24%-i mütəşəkkil, 76%-i isə qeyri mütəşəkkil qrupa aiddir. Müayinə edilmiş 0-5 yaş uşaqlardan 6318 uşaq (3%) dispanser qeydiyyata alınmış və ambulator müalicəyə cəlb olunub. Cari ilin 9 ayı ərzində dispanser qeydiyyatda olan 0-5 yaş xəstə uşaqlar arasında sağalma ilə dispanser qeydiyyatdan çıxarılma (dispanser effektivlik) 67 % təşkil edir.
6 -13 yaşda olan 320962 uşaqdan 302354 uşaq (94%) müayinə olunub. Onlardan 90%-i məktəblilər təşkil edir. Aparılan müayinələr nəticəsində 7921 uşaq (2.6%) müxtəlif xəstəliklərlə əlaqədar dispanser qeydiyyata alınmış və ambulator müalicəyə cəlb olunub. 6-13 yaş xəstə uşaqlar arasında dispanser effektivlik 61 % təşkil edir.
14-17 yaşda olan 133491 uşaqdan 122511 uşaq (92%) müayinə olunub. Onlardan 93%-i məktəblilər təşkil edir. 4110 uşaq (3,3%) müxtəlif xəstəliklərlə əlaqədar dispanser qeydiyyata alınmış və ambulator müalicəyə cəlb olunub. 14-17 yaş xəstə uşaqlar arasında dispanser effektivlik 58 % təşkil edir.
Müayinələr nəticəsində xəstəlik aşkar edilmiş 52323 nəfər (8.3%) uşaqdan 18349 nəfəri (35%) dispanser qeydə alınmış, 1295 nəfər (2,5%) ixtisaslaşmış yardım alması üçün stasionara hospitalizə edilmiş, qalanları isə ambulator müalicəyə cəlb olunub.
Aparılan ambulator müalicələr nəticəsində qeydiyyatda olan dispanser xəstələrin 62 %-i sağalma ilə dispanser qeydiyyatdan çıxarılıb.
Nazirlər Kabinetinin 109 nömrəli Qərarına əsasən icbari dispanserizasiyanın nəticələri barədə məlumatların e-sistemə daxil edilməsində ləngimə hallarına yol verilməməsi üçün tibb kabinetlərinin məktəb tərəfindən kompyuterlərlə təmin edilməsi barədə Bakı şəhər Təsil İdarəsinin rəhbərliyi tərəfindən razılaşma əldə edilib. Bu, təhsil müəssisələrində aparılan profilaktik tibbi müayinələrin nəticələrini dərhal uşaqların e-sağlamlıq kartı sisteminə daxil etməyə kömək edəcəkdir.
Qeyd edək ki, “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 591 nömrəli Qanununun tətbiqi barədə “Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli 861 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin müvafiq əmrlərinə əsasən son 4 ildə tibb müəssisələri tərəfindən uşaq əhalisinin icbari dispanserizasiyası aparılır.
Anar

Gununsesi.info